Rusiya Xarkovda yaşayış binalarını hədəf alıb, nəticədə üç nəfər həlak olub
Rusiya Xarkov vilayətinə mütəmadi hücumlar edərək evlərə və infrastruktur obyektlərinə zərər vurduğu bildirir
Rusiya tərəfindən Ukraynanın şərqində yerləşən Xarkov vilayətinə bağlı Balakliya şəhərinə endirilən raket zərbələri nəticəsində üç insan həlak olub, 10 nəfər yaralanıb. Yaralananlar arasında üç gəncin olduğu bildirilir. Həmçinin region rəsmilərinin və müdafiə qurumlarının məlumatına görə, Rusiya gecə ərzində Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Rusiya ilə sərhəddə yerləşən bölgənin qubernatoru Oleq Sınehubov noyabrın 17-də (bu gün) “Telegram” hesabında yazıb ki, gecə boyu davam edən hücumlar çoxmərtəbəli yaşayış binalarına ziyan vurub və şəhər mərkəzində onlarla avtomobili məhv edib.
Region rəsmilərinin yaydığı foto-şəkillərdə pəncərələri sınıb-dağılmış çoxmərtəbəli kərpic binanın zədələnmiş fasadı, üst mərtəbələrdə alov, ətrafda səpələnmiş dağıntılar və qırılmış ağac budaqları görünür.
Balakliya hərbi idarəsinin rəhbəri Vitali Karabanov “Telegram”da bildirib ki, yaralananlar arasında üç gənc var və xəsarət alan 10 nəfərdən doqquzu xəstəxanaya yerləşdirilib.
Lakin rəsmi Moskva hücuma dair hər hansı açıqlama verməyib.
Qeyd edək ki, hər iki tərəf Rusiyanın təxminən dörd il əvvəl başladığı müharibə ərzində mülki şəxsləri hədəf almadığını iddia edir, lakin bu vaxta qədər minlərlə insan həlak olub. Ölənlərin böyük əksəriyyətini Ukrayna vətəndaşları təşkil edir.
Bundan əlavə, regionun bəzi hissələri və cənubdakı İzyum şəhəri noyabrın 16-da Rusiyanın hücumlarına məruz qalıb. Şəhər rəsmiləri “Telegram”da yazıblar ki, hücumlar zamanı 14 yaşlı bir uşaq yaralanıb və şəhər gecə boyu elektriksiz qalıb.