"Türkiye İnnovation Week" tədbirində süni intellekt və media müzakirə edilib
Tədbir çərçivəsində “Süni intellekt əsrində media” başlıqlı panel keçirilib
Türkiyə İxracatçılar Məclisinin (TİM) bu il 12-ci dəfə təşkil etdiyi, "Anadolu" agentliyinin (AA) Qlobal Kommunikasiya Partnyoru olduğu və Ticarət Nazirliyinin dəstəyi ilə keçirilən "Türkiye İnnovation Week-2025" (TIW-Türkiyə İnnovasiya Həftəsi) davam edir.
Haliç Konqres Mərkəzində “Sabah: İndi” əsas mövzusu ilə keçirilən tədbirdə “Süni intellekt əsrində media” adlı panel təşkil olunub.
Yazıçı Halil İbrahim İzginin moderatorluğu ilə keçirilən paneldə "Anadolu" Agentliyinin baş direktor müavini və baş redaktor Yusuf Özhan da çıxış edib.
Yusuf Özhan süni intellektin istifadəçilərə qısa yollar təqdim edən bir dil modeli olduğunu ifadə edib.
Y.Özhan süni intellektin texnoloji inkişafda bu günə qədər görülən ən təəccüblü texnologiya olduğunu vurğulayaraq, süni intellektin digər texnoloji nailiyyətlərdən daha həyəcanlı olduğunu dilə gətirib.
O, süni intellektin jurnalistika üçün faydalar təqdim etdiyini açıqlayaraq, "Bu texnologiyanın arxa planını araşdırdığımız zaman bunun hələ nisbətən inkişaf etməmiş, çox eksperimental bir texnologiya olduğunu görürük" deyib.
Özhan süni intellektin “məhsulu”nun istifadəçilər olduğunu və şirkətlərin real məlumatları özləri üçün saxladıqlarınıvurğulayaraq deyib: "Bütün bu şirkətlər məlumatların əsl mahiyyətini saxlayırlar. Dil modelləri milyonlarla insanın yaddaş tutumundan kənarda nə isə vəd edir, milyonlarla insanın hətta bir dəqiqə ərzində əldə edə bilməyəcəyi şeyləri çatdıra bilir. Buna görə də biz indi dil modelləri ilə işləyirik və bu, çox xoş bir prosesdir".
Jurnalistlərin istifadə etdiyi rəqəmsal mənbələrə toxunan Özhan "Bu gün jurnalistika yeni media və rəqəmsal platformalara məruz qalmadan həyata keçirilə bilməz. Biz yeddi qitədə fəaliyyət göstərən, minlərlə jurnalistlə daimi ünsiyyətdə olan qlobal bir xəbər agentliyiyik. Bizim ən əhəmiyyətli kəşfiyyat qaynağımız rəqəmsal platformalar olaraq qalır, amma bizim ən dəyərli qaynağımız müxbir, təcrübə və qayğıkeş insandır" deyib.