Pakistanda antiterror əməliyyatları zamanı çox sayda hərbçi həlak olub
Pakistanın şimal-qərb və cənub-qərb bölgələrində terror hücumları kəskin artıb
Pakistanın şimal-qərb və cənub-qərb bölgələrində terror hücumları kəskin artıb.
Fevralın 17-də Xayber Paxtunxva əyalətinin Bajaur rayonunda terrorçu kamikadzenin hərbi məntəqəyə hücumu nəticəsində 14 təhlükəsizlik əməkdaşının və bir uşağın həlak olduğu bildirilir. Daha sonra keçirilən əməliyyat zamanı 12 silahlı öldürülüb.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, hücum fevralın 16-da Xayber Paxtunxva əyalətinin Bajaur rayonunun Melanj bölgəsində baş verib. Silahlılar məntəqəyə daxil olmağa çalışsalar da, təhlükəsizlik qüvvələri onların qarşısını alıb.
Polisin məlumatına əsasən, ölənlər arasında bir uşaq da var. Partlayış nəticəsində yaxınlıqdakı evlərdə yaşayan yeddisi uşaq olmaqla səkkiz mülki şəxs yaralanıb.
Pakistanın daxili işlər naziri Karaçi şəhərində keçirilən başqa bir antiterror əməliyyatı barədə də məlumat verib. Bildirilib ki, əməliyyat zamanı dörd silahlı öldürülüb, iki polis əməkdaşı yaralanıb.
Fevralın 16-da Xayber Paxtunxvanın Şanqla rayonunda keçirilən əməliyyat zamanı azı üç polis əməkdaşı həlak olub, iki silahlı isə öldürülüb.
Bundan əlavə, Bannu rayonunda kustar üsulla hazırlanmış partlayıcının partlaması nəticəsində azı iki nəfər ölüb, 17 nəfər yaralanıb.
Son illər Pakistanda terror hadisələri artıb. Xüsusilə Xayber Paxtunxva və Bəlucistan əyalətlərində təhlükəsizlik qüvvələrinə və dövlət qurumlarına qarşı hücumlar kəskin artıb.