Burhanəddin Duran:''NATO müasir reallıqlara uyğunlaşmalıdır''
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, NATO müasir müharibə reallıqlarına uyğunlaşmaq üçün daha güclü və vahid strategiya mənimsəməlidir
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, NATO müasir müharibə reallıqlarına uyğunlaşmaq üçün daha güclü və vahid strategiya mənimsəməlidir. Alyansın struktur islahatlarına ehtiyacı olduğunu vurğulayan B.Duran təşkilatın böhran idarəetməsi, çəkindirmə və daxili möhkəmlik faktorlarını mərkəzə qoyaraq özünü yenidən formalaşdırmalı olduğunu qeyd edib.
Ankarada keçirilən “NATO-nun Ankara vaxtı: Davamlı Alyans üçün Strateji Mövqe” konfransında çıxış edən B. Duran bildirib ki, üzv ölkələrin müdafiə strategiyalarındakı fərqlər Alyans daxilində tez-tez fikir ayrılıqlarına səbəb olur.
O, bu fərqlərin aradan qaldırılmasının vacib olduğunu vurğulayaraq, Türkiyənin NATO-ya mühüm töhfələr vermək potensialına malik olduğunu qeyd edib.
B. Duran bildirib ki, Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da Alyansın güclənməsi və regionda təhlükəsizliyin təmin olunması üçün öz hərbi və strateji imkanları ilə mühüm rol oynamağa davam edəcək.
Burhanəddin Duran NATO-nun illər ərzində keçdiyi dəyişikliklərə toxunaraq bildirib ki, alyans əvvəlcə Sovet təhdidinə qarşı yaradılıb və Soyuq müharibədən sonra da öz missiyasını uğurla davam etdirib. B. Duran qeyd edib ki, bu gün dünya daha mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir, bu səbəbdən NATO yenidən ciddi islahatlara ehtiyac duyur. B.Duran Ukrayna münaqişəsini, ABŞ-İsrail qarşıdurmasını və Yaxın Şərqdəki gərginliyi əsas problemlər kimi göstərib.
Türkiyənin strateji rolundan danışan B.Duran vurğulayıb ki, rəsmi Ankara yalnız öz təhlükəsizliyi ilə kifayətlənmir, həm də regionda və dünyada sülhün qorunması üçün fəal çalışır. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə həm Rusiya-Ukrayna münaqişəsində, həm də Qarabağ məsələsində ədalətli həll üçün vasitəçilik edib.
Duran həmçinin bildirib ki, Türkiyənin fəaliyyəti yalnız regionla məhdudlaşmır. Ölkə Afrika qitəsində də münaqişə tərəfləri arasında vasitəçilik edir və sülh proseslərinə dəstək verir.