''İsrail və ''Həmas'' Qəzza ilə bağlı atəşkəs planının birinci mərhələsi üzrə razılığa gəliblər''
Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib
ABŞ prezidenti Donald Tramp İsrail və ‘‘Həmas’’ın Qəzza ilə bağlı atəşkəs planının birinci mərhələsi üzrə razılıq əldə etdiklərini açıqlayıb.
“İsrail və Həmas sülh planımızın birinci mərhələsini qəbul ediblər. Bu o deməkdir ki, bütün əsirlər tezliklə azad olunacaq və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addım kimi razılaşdırılmış xəttə çəkiləcək’’, – deyə Donald Tramp rəsmi ‘‘Truth Social’’ platformasında paylaşım edib.
Donald Tramp həmçinin bütün tərəflərə “ədalətli” davranılacağını bəyan edərək bunun ərəb və müsəlman ölkələr, İsrail, ətraf ölkələr və ABŞ üçün “böyük gün” olduğunu bildirib.
Misirin dövlət kəşfiyyat xidmətlərinə tabe olan ‘‘Əl-Qahera News’’ telekanalının yaydığı məlumatda bildirib ki, Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsinin həyata keçirilməsi üçün bütün şərtlər və mexanizmlər üzrə razılıq əldə olunub.
Açıqlamadan sonra ‘‘Həmas’’ razılaşmanı qəbul etdiyini bildirərək göstərdikləri səylərə görə Qətər, Misir və Türkiyəyə təşəkkür edib.
“Həmas Qəzzada müharibənin sona çatmasını, işğalçıların geri çəkilməsini, humanitar yardımın daxil olmasını və əsir mübadiləsini təmin edən razılaşmanın əldə edildiyini təsdiqləyir,” – deyə ‘‘Həmas’’ rəsmi Telegram kanalında bəyanat yayıb.
Bəyanatda həmçinin deyilir: “Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımıza minnətdarıq. ABŞ prezidenti Donald Trampın müharibəyə son qoyulması və işğalçı İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılmasına nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk’’.
Benyamin Netanyahu isə bildirib ki, hökumət sazişi təsdiqləmək və əsirləri geri qaytarmaq üçün sabah toplanacaq.
Trampın bəyanatından sonra Netanyahu deyib: “Bu, İsrail üçün əla gündür. Bu razılaşma İsrail üçün diplomatik uğur və mənəvi qələbədir’’.
Qeyd edək ki, Donald Tramp bu bəyanatı İsrailin Qəzzada törətdiyi soyqırımın ikinci ildönümündən bir gün sonra verib.
İsrail son iki ildə əksəriyyəti qadın və uşaq olmaqla 67 min 100-dən çox fələstinlini qətlə yetirib. Mütəxəssislər bu rəqəmin daha çox olduğunu bildirirlər.
İsrail mühasirəyə aldığı ərazinin böyük hissəsini viran qoyub və demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salıb.