R.T.Ərdoğan: “Qəzzalı məzlumların yanında olmağımıza heç kim mane ola bilməz”

Türkiyə prezidenti bildirib ki, rəsmi Ankara qəzzalı məzlumları dəstəkləməyə davam edəcək

Rəcəb Tayyib Ərdoğan / AA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinlilərə qətiyyətlə dəstək verməyi və İsrailin Qəzzaya qarşı hücumlarını pisləməyi davam etdirəcəyini vurğulayıb. Bu barədə ölkə başçısı sentyabrın 17-də paytaxt Ankarada yeni Xarici İşlər Nazirliyi binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Prezident R.T.Ərdoğan bildirib: “Müqəddəs Qüdsü naməhrəm əllərin murdarlamasına imkan verməyəcəyik. Bilirəm, Hitler simpatiyası olan şəxslərin içindəki kin bəlkə də heç vaxt dinməyəcək. Biz müsəlmanlar olaraq Şərqi Qüds üzərindəki haqlarımızdan bir addım belə geri durmayacağıq. Zülmlə, soyqırımla, barbarlıqla, günahsız uşaqların həyatları bahasına özlərinə güvənli bir gələcək qurmağa çalışanlar tarix boyu olduğu kimi mütləq uduzacaq, tökdükləri qanda boğulacaqlar. Bundan qaçış, qurtuluş yoxdur!”

Dövlət başçısı vurğulayıb ki, Türkiyə Suriyadan Yəmənə, Livandan Qətərə qədər İsrail quldurluğunun hədəfi olan hər kəslə tam bir həmrəylik içində olmağı davam etdirəcək və rəsmi Ankara Qəzza məsələsinə həmişə olduğu kimi sadiq qalacaq.

Yekunda isə prezident R.T.Ərdoğan əlavə edib: “Münaqişə yaradaraq bölgəmizi qan dəryasına çevirmək istəyənlərin, coğrafiyamızda sabitliyi pozanların qarşısında tarix boyu olduğu kimi bu gün də, sabah da inşallah dik duracağıq.”