R.T.Ərdoğan və C.Meloni arasında Yaxın Şərq böhranı ilə əlaqədər telefon danışığı baş tutub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti diplomatiyanı gücləndirmək üçün birlikdə səy göstərməyə çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Ciorcia Meloni bölgədə davam edən münaqişələrin fonunda ikitərəfli münasibətlər, eləcə də regional və qlobal prosesləri müzakirə etmək üçün telefon danışığı aparıblar. Bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən açıqlanıb.
R.T.Ərdoğan bildirib ki, rəsmi Ankara İranda baş verən hadisələri və onların regiona təsirini yaxından izləyir. O, Baş nazir C.Meloniyə tərəflərə sabitliyi poza biləcək addımlardan çəkinmələri ilə bağlı tövsiyələr verdiklərini də deyib.
Türkiyənin diplomatiyanın gücləndirilməsini dəstəkləyən mövqeyinə diqqət çəkən R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti bu məqsəd istiqamətində birlikdə fəaliyyət göstərməyə çağırıb və münaqişələrin qlobal təhlükəsizliyi də təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq edib.
Türkiyə lideri həmçinin bildirib ki, regionda və dünyada baş verən münaqişələr müttəfiq ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətini bir daha ortaya qoyur.
Ölkə başçısı R.T.Ərdoğan xüsusilə ticarət sahəsi başda olmaqla bütün istiqamətlər üzrə Roma rəhbərliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün rəsmi Ankaranın səylər göstərdiyini də vurğulayıb.
Baş nazir C.Meloni NATO müttəfiqi Türkiyəyə qarşı həyata keçirilən hücumu “əsassız raket hücumu” kimi qiymətləndirib.
Xatırladaq ki, bu həftənin əvvəlində İran ərazisindən Türkiyənin hava məkanına doğru buraxılan bir ballistik raket zərərsizləşdirilmişdi.
İtaliyanın mövqeyi
C.Meloni martın 6-da verdiyi açıqlamada bildirib ki, İtaliya Yaxın Şərqdə kəskinləşən böhranı yaxından izləyir və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müttəfiqlərlə birlikdə çalışmaqla yanaşı diplomatik səyləri də dəstəkləyir.
C.Meloni “X” platformasında etdiyi paylaşımda qeyd edib ki, İtaliya hökuməti vəziyyəti qiymətləndirərkən regiondakı tərəfdaşlar və müttəfiqlərlə daimi təmas saxlayır.
İtaliya vətəndaşlarının qorunmasının hökumətin ən prioritet məsələsi olduğunu vurğulayan C.Meloni eyni zamanda gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri də dəstəklədiklərini bildirib.
Baş nazir C.Meloni qeyd edib ki, əsas prioritet vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və əsas tərəfdaşlarla birlikdə tərəflər arasında diplomatiya və dialoqun bərpa olunmasına şərait yarada biləcək bütün təşəbbüslərin dəstəklənməsidir.
İtaliyanın Baş naziri əlavə edib ki, aidiyyəti qurumlar böhranın təhlükəsizlikdən iqtisadi təsirlərə qədər uzanan daha geniş nəticələrini də təqib edir və bu sahələrdə mümkün bütün yumşaldıcı tədbirlər qiymətləndirilir.
C.Meloni sonda bildirib ki, parlamentlə əldə olunmuş razılaşmaya uyğun olaraq yaxın günlərdə parlamentə gələrək millət vəkillərinə mövcud vəziyyət barədə məlumat verəcək.