Bir sıra ölkələr təbii fəlakətlə mübarizə aparan Sri-Lankaya yardım göndərirlər
330-dan çox insanın ölümünə və 370 nəfərin itkin düşməsinə səbəb olan daşqınlardan sonra Çin və Avstraliya da daxil olmaqla bir sıra ölkə Şri-Lankaya yardım göndərəcəyini açıqlayıb
330-dan çox insanın ölümünə və 370 nəfərin itkin düşməsinə səbəb olan daşqınlardan sonra Çin və Avstraliya da daxil olmaqla bir sıra ölkə Şri-Lankaya yardım göndərəcəyini açıqlayıb.
Yerli media orqanlarının məlumatına görə, Şri-Lankadakı Çin səfirliyi 100 min dollar, Nepal isə zərər çəkmiş ərazilərdə yardım və bərpa işlərinə dəstək üçün 200 min dollar ayıracağını bəyan edib.
Avstraliya təcili yardım və bərpa işlərinə dəstək məqsədilə 1 milyon Avstraliya dolları (təxminən 650 min dollar) vəd edib. Hindistan isə zərər çəkənlərə kömək məqsədilə 80 nəfərlik yardım qrupu göndərib.
İndiyədək daşqınlar nəticəsində 334 nəfər həlak olub, 370 nəfər isə itkin düşmüş hesab edilir.
17 noyabrda başlayan leysan yağışların yaratdığı daşqınlar, torpaq sürüşmələri və dağıntılardan təsirlənən bir çox ərazidə axtarış-xilasetmə işləri davam edir. Hakimiyyət orqanları fəlakətdən zərər çəkmiş 180 499 nəfər üçün 1275 yardım mərkəzi yaradıb və onlara sığınacaq verib.
Hərbi qüvvələr qapalı qalan sakinləri təxliyə etmək üçün hava və yerüstü əməliyyatlar aparır, yardım qrupları isə ərzaq, içməli su və tibbi ləvazimatlar çatdırmaq üçün sürətlə çalışır.
‘‘Daily Mirror’’ qəzetinin məlumatına görə, bazar günü fəlakətin nəticələrinin aradan qaldırılması əməliyyatları zamanı Şri-Lanka Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Ekipaj üzvlərinin xilas edilərək xəstəxanaya aparıldığı bildirilib.
Hökumət Təhsil Nazirliyinin tabeliyində olan bütün universitetlərdə, ali təhsil müəssisələrində və peşə təhsili mərkəzlərində akademik fəaliyyət 8 dekabradək dayandırılıb.
Prezident Anura Kumara Disanayake noyabrın 29-da ölkədə fövqəladə vəziyyət elan edib.