Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur

Tanzaniya polisi Dar-əs-Salamda seçki zorakılığı ilə bağlı yüzlərlə şəxsin vətənə xəyanət ittihamı ilə məhkəməyə çıxarılmasından sonra müxalifət liderlərini axtarmağa başlayıb

By
Tanzaniya 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur

AFP-nin bəzi yerli mənbələrə istinadən yaydığı məlumata görə, Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunub. Belə bir vəziyyət, müxalifətin yüzlərlə insanın öldüyünü iddia etdiyi seçki etirazlarının ardınca baş verib.

Belə ki, seçki Komissiyasının məlumatına görə, prezident Samia Suluhu Hasan oktyabrın 29-da keçirilən seçkilərdə səslərin 98 faizini toplayaraq qalib gəlib. Lakin müxalifət onların iştirakının əngəlləndiyini bildirərək bu seçkini “saxtakarlıq” kimi xarakterizə edib.

Şərqi Afrika ölkəsində seçki günü şiddətli etirazlar baş qaldırıb və mənbələr yüzlərlə, hətta minlərlə insanın öldüyünü qeyd edib. Eyni zamanda günlərlə davam edən internetin kəsilməsi doğrulanmış məlumatların yayılmasını əngəlləyib.

Məsələylə bağlı hüquqşünas Piter Kibatala noyabrın 7-də AFP-yə açıqlamasında deyib:
“Məhkəmədəki insanların ümumi sayı 250-ni keçir və onlar üç ayrı iş üzrə mühakimə olunurlar… Hamısı iki kateqoriya üzrə təqsirli bilinirlər. Birinci kateqoriya vətənə xəyanət planı hazırlamaq, ikinci kateqoriya isə birbaşa vətənə xəyanət ittihamıdır.”

Məhkəmə mənbələri AFP-yə təxminən 240 nəfərin ittiham olunduğunu bildirib.

 

Etirazlar

Müxalifətdə olan “Chadema” Partiyası seçki zorakılığı zamanı ən azı 800 nəfərin öldüyünü iddia edir. Diplomatik və təhlükəsizlik mənbələri bu rəqəmi dəstəkləyərək ölənlərin sayının minlərlə ola biləcəyinə dair etibarlı məlumatlar olduğunu bildirirlər.

Rəsmilər indiyədək ölən və yaralananların sayına dair hər hansı bir məlumat açıqlamaqdan imtina ediblər.

Tanzaniya polisi noyabrın 7-də verdiyi açıqlamada zorakılıqla əlaqəsi olan müxalifət partiyası rəhbərlərinin axtarışda olduğunu bildirib. Axtarılanlar arasında baş katib Con Mnika, onun müavini Amani Qoluqva və sözçü Brenda Rupia da var.

Tanzaniya polis sözçüsü Devid Misime yayımladığı açıqlamada deyib:
“Aparılan araşdırmalar və toplanmış sübutlara əsasən bu 10 nəfərin həbs olunması üçün axtarış aparırıq. Onları dərhal polisə təslim olmağa çağırırıq.”