Suriya və Ukrayna diplomatik əlaqələrini bərpa ediblər

Zelenski bildirib ki, Ukrayna və Suriya diplomatik əlaqələrin bərpası ilə bağlı birgə bəyanat imzalayıblar

Suriyanın dövlət başçısı Əhməd əl- Şaraa / AA

Suriya və Ukrayna diplomatik əlaqələri bərpa ediblər. Suriyanın dövlət başçısı Əhməd əl- Şaraa və Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyası sessiyasının kənarında görüş keçiriblər.

Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və onu müşayiət edən nümayəndə heyəti də görüşdə iştirak edib. Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi sentyabrın 24-də qısa bəyanat yayıb.

Zelenski bildirib ki, Ukrayna və Suriya diplomatik əlaqələrin bərpası ilə bağlı birgə bəyanat imzalayıblar.

Zelenski “X” platformasında etdiyi paylaşımda "Biz bu mühüm addımı alqışlayırıq və Suriya xalqını sabitlik yolunda dəstəkləməyə hazırıq. Suriyanın dövlət başçısı Əhməd Şaraa ilə apardığımız danışıqlar zamanı əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektivli sahələr, hər iki ölkənin üzləşdiyi təhlükəsizlik təhdidləri və onların qarşısının alınmasının əhəmiyyəti barədə ətraflı müzakirələr apardıq”.

O əlavə edib ki, hər iki tərəf qarşılıqlı hörmət və etimad əsasında əlaqələr qurmağa razılaşıblar.

Qeyd edək ki, Ukrayna 2022-ci ildə Suriyanın Ukraynanın şərqindəki Rusiya tərəfdarı separatçı Donetsk və Luqanskın respublikalarını tanımasından sonra bu ölkə ilə əlaqələri kəsmişdi.

Suriya dövlət başçısı sentyabrın 22-də bir neçə nazir ilə birlikdə illik BMT toplantılarında iştirak etmək üçün Nyu-Yorka gəlib və bu, Suriyanın dünya təşkilatının ən yüksək forumunda təxminən altmış illik yoxluğuna son qoyub.

Sentyabrın 24-də Baş Assambleyada etdiyi ilk çıxışında Şaraa beynəlxalq sanksiyaların ləğv edilməsinə çağırış edib.

Əl-Şaraa və Tramp görüşü

Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Əhməd Şaraa Nyu-Yorkda BMT Baş Assambleyasından kənarda ABŞ prezidenti Donald Tramp ilə görüşüb.

SANA Şaraanın Tramp ilə əl sıxdığı və ABŞ-ın birinci xanımı Melaniya Trampın da iştirak etdiyi bir fotoşəkil yayımlayıb.

Agentlik əlavə məlumat verməyib.

Qeyd edvk ki, bu, iki liderin ikinci görüşü olub. Onların ilk görüşü may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutmuşdu.