İsrail Qəzzada atəşkəsi yenidən pozaraq iki fələstinlini öldürüb
HƏMAS hücumları “açıq-aşkar pozuntu” kimi qiymətləndirərək qınayıb və İsrailin hücumlarını dayandırması üçün ona təzyiq göstərilməsinə çağırış edib
Hərbi mənbələrə görə, İsrail ordusu Qəzzanın cənubunda yerləşən Rəfahda iki fələstinlini öldürməklə oktyabr ayından bəri qüvvədə olan atəşkəs razılaşmasını bir daha pozub.
İsrail ordusu Rəfahın qərbinə tanklar göndərdiyini, burada atəş açdığını və hava zərbələri endirdiyini açıqlayıb.
İbrani dilində yayımlanan “Israel Hayom” qəzeti qarşıdurmalar zamanı iki İsrail əsgərinin yüngül yaralandığını bildirib.
Fələstin müqavimət qrupu HƏMAS İsrailin hücumlarını atəşkəs razılaşmasının “açıq-aşkar pozulması” kimi qınayıb.
HƏMAS vasitəçilərdən və zəmanətçi ölkələrdən də “təkrarlanan İsrail pozuntularını” qınamalarını tələb edib. Benyamin Netanyahunu isə hücumları “saxta və uydurma bəhanələrlə” idarə etməkdə ittiham edib.
HƏMAS həmçinin pozuntuların dayandırılması üçün İsrailə təzyiq göstərilməsini, atəşkəs şərtlərinə əməl olunmasını, Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə yenidən açılmasını, humanitar yardım və sığınacaq materiallarının girişinə icazə verilməsini və razılaşmanın ikinci mərhələsinə dərhal keçilməsini tələb edib.
Atəşkəs danışıqları
Digər tərəfdən, HƏMAS nümayəndə heyəti atəşkəsin növbəti mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirəyə gəlib.
HƏMAS yaydığı açıqlamada heyətə Qəzzadakı hərəkat lideri Xəlil əl-Həyyənin rəhbərlik etdiyini bildirib.
Açıqlamada qeyd olunub ki, danışıqlar atəşkəsin tam icrasına yönələcək. Həmin çərçivədə birinci mərhələdə tamamlanmayan addımlar və Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə yenidən açılması müzakirə ediləcək.
HƏMAS həmçinin razılaşmanın ikinci mərhələsinə keçidin sürətləndirilməsinin, o cümlədən inzibati komitənin yaradılması və İsrailin Qəzzadan tam şəkildə geri çəkilməsinin də müzakirə olunacağını bildirib.
İsrail 2023-cü ilin oktyabrından bəri Qəzzada həyata keçirdiyi soyqırımda əksəriyyəti qadınlar və uşaqlar olmaqla 71 mindən çox fələstinlini öldürüb. Mühasirədə olan bölgənin böyük hissəsini viran qoyan İsrail bütün əhalini də məcburi köçkün vəziyyətinə salıb.