Çin, Rusiya, İran və Pakistan rəsmiləri Nyu-Yorkda qeyri-rəsmi görüş keçiriblər

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun məlumat verib

Çin, Rusiya, İran və Pakistan rəsmiləri Nyu-Yorkda Əfqanıstanla bağlı qeyri-rəsmi görüş keçiriblər / X

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, Çin, Rusiya, İran və Pakistanın xarici işlər nazirləri və nümayəndələri sentyabrın 25-də Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Əfqanıstanla bağlı qeyri-rəsmi görüş keçiriblər.

Görüşdən sonra yayılan birgə bəyanatda Əfqanıstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb. Quo Jiakun qeyd edib ki, bu ölkələr Əfqanıstanda və regionda hərbi bazaların bərpasına qəti şəkildə qarşıdırlar.

İclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi, Çinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yue Xiaoyong və Pakistanın yüksək səviyyəli diplomatı Umer Siddique qatılıblar.

Quo Jiakun qeyd edib ki, bu vəziyyət Əfqanıstanın qonşu ölkələrinin onun suverenliyinə, müstəqilliyinə və milli ləyaqətinə olan hörmətini göstərir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Taliban hökuməti Baqram hava bazasını Pentaqona təhvil verməsə, “pis hadisələr” baş verəcək.

Taliban xarici qüvvələrin 2021-ci ilin avqustunda Əfqanıstandan çıxmasından sonra hakimiyyətə gəlib.

Kabil hökuməti ölkənin ərazi bütövlüyü ilə bağlı danışıqlardan imtina edib və Trampı 2020-ci il Doha sazişinə əməl etməyə çağırıb.