Bir sıra ölkələr İsrailin Qlobal Qətiyyət Donanmasına etdiyi basqına reaksiya göstərib
‘‘Həmas’’ İsrailin Qəzzaya gedən Qlobal Qətiyyət Donanmasına müdaxiləsini "mülki əhaliyə qarşı dəniz quldurluğu və dəniz terrorizmi" adlandıraraq dünyadakı bütün azadlıq müdafiəçilərini bu hücumu qəti şəkildə pisləməyə çağırıb
‘‘Həmas’’ İsrailin Qəzzaya gedən Qlobal Qətiyyət Donanmasına müdaxiləsini "mülki əhaliyə qarşı dəniz quldurluğu və dəniz terrorizmi" adlandıraraq dünyadakı bütün azadlıq müdafiəçilərini bu hücumu qəti şəkildə pisləməyə çağırıb.
Hərəkat beynəlxalq sulara müdaxiləni, həmçinin fəalların və jurnalistlərin saxlanmasını “xain hücum” olaraq qiymətləndirib.
Fələstin İslami Cihadı da oxşar bəyanat yayaraq İsrailin gəmidə olanların təhlükəsizliyinə görə məsuliyyət daşıdığını vurğulayıb və basqını "dəniz quldurluğu və beynəlxalq, humanitar müqavilələrin açıq şəkildə pozulması" kimi xarakterizə edib.
BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albanese İsrailin donanma üzvlərini həbs etməsini "qanunsuz" adlandırıb.
Avropadakı hökumətlər də məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Fransa İsraildən donanma üzvlərinin təhlükəsizliyinə zəmanət verməyi və onlara konsulluq mühafizəsi təmin etməyi tələb edib.
İsveçrə isə bəyan edib ki, donanmaya qarşı istənilən hərəkət zərurət və mütənasiblik prinsiplərinə uyğun olmalıdır.
Türkiyə Xarici İşlər Nazirliyi İsrail donanmasının hərəkətini ən sərt şəkildə pisləyib və bunu "terror aktı" kimi qiymətləndirib.
İspaniya bölgədəki konsulluqlarının yüksək hazırlıq vəziyyətində olduğunu və vəziyyəti diqqətlə izlədiyini bildirib.
Belçika İsraili beynəlxalq hüquqa, o cümlədən dəniz hüququna hörmət etməyə çağırıb.
İrlandiya müdaxiləni "narahatlıq doğuran" hadisə adlandırıb. İrlandiya prezidenti Maykl Hiqins isə İsrailin basqını və Qəzzadakı yolların bağlanmasını "bütün dünya üçün həyəcanverici" adlandırıb.
Hadisəyə Avropa Parlamentinin üzvləri də reaksiya verib. İtaliyalı deputat Brando Benifei müdaxiləni “qanunsuz və cinayət əməli” kimi qiymətləndirərək beynəlxalq ictimaiyyəti donanmanı qorumağa çağırıb.
Cənubi Amerika ölkələri də İsrailin müdaxiləsinə sərt reaksiya göstərib. Kolumbiya prezidenti Qustavo Petro iki Kolumbiya vətəndaşının saxlanmasından sonra İsrailin diplomatik nümayəndə heyətini ölkədən çıxarıb və basqını Benyamin Netanyahunun törətdiyi “yeni beynəlxalq cinayət” kimi qiymətləndirib.
Braziliya gəmidə olan 15 vətəndaşının təhlükəsizliyindən narahatlığını ifadə edib, Venesuela isə müdaxiləni "quldurluq aktı" adlandırıb.
Uruqvay da hadisə ilə bağlı narahatlığını bildirib. Boliviya prezidenti Luis Arce hücumu "beynəlxalq hüququn açıq şəkildə pozulması" adlandırıb.
Çili donanmanın göyərtəsində olan vətəndaşlarını dəstəklədiyini bəyan edib və İsraili onların təhlükəsizliyinə görə məsuliyyət daşıdığını qeyd edib.
Humanitar yardım və tibbi ləvazimatlar daşıyan Qlobal Qətiyyət Donanması avqustun sonunda yola düşüb və artıq Qəzza sahillərinə çatması gözlənilirdi.