Uqandada gərgin şəraitdə baş tutan prezident seçkiləri müxalifət tərəfindən tənqid edilir
Seçki nəticələrinin sayılması prosesi bu gün də dava edir
Uqandada gərgin şəraitdə baş tutan prezident seçkilərində səslərin sayılması yanvarın 16-da da davam edib. Müxalifət lideri Bobi Vaynın bildirdiyinə görə isə seçkilər bir gün əvvəl internet bağlantısının kəsilməsi və bəzi seçki məntəqəsi əməkdaşlarının saxlanılması fonunda baş tutub.
O, yanvarın 15-də bildirib ki, ona evindən çıxmasına icazə verilməyib və kənd ərazilərindəki seçki məntəqəsi əməkdaşları səsvermə başlamazdan əvvəl qaçırılıb. O qeyd edib ki, bu hallar seçici zərflərinin başqaları tərəfindən doldurulması üçün edilib.
Musiqiçi kimi tanınıb sonradan siyasətə qoşulan müxalifət lider yanvarın 15-də “X” platformasında ölkənin qərb bölgəsinə cavabdeh vəzifəli partiya nümayəndəsinin saxlanıldığını və ölkənin hər yerində genişmiqyaslı səs saxtakarlığı olduğunu yazıb.
Bildirilir ki, seçkilər zamanı ordu ölkə üzrə yerləşdirilib, səsvermədən sonra isə Y.Museveninin paytaxt Kampala yaxınlığındakı evinin qarşısında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Uqandanın kənd bölgələri, xüsusilə ölkənin qərb hissəsi hakim partiyanın dayağı kimi tanınır. Səslərin sayılması zamanı seçki məntəqələrində müxalifətə məxsus müşahidəçilərin olmaması müxalifət üçün mənfi nəticələr yarada biləcəyi ehtimal edilir.
Ölkə üzrə seçkilərdə qalib gəlmək şansını artırmaq məqsədilə Bobi Vayn rəsmi müşahidəçilər təyin etməklə yanaşı, tərəfdarlarını səsləri qorumağa və məntəqələrdə iddia edilən qanun pozuntularını şahidlərin iştirakı ilə sənədləşdirməyə çağırıb. Bobi Vayn ölkəyə təxminən qırx ildir rəhbərlik edən prezident Yoveri Museveninin hakimiyyətinə son qoymağa ümid edir.
Xatırladaq ki, B.Vayn beş il əvvəl ilk dəfə prezidentliyə namizəd olarkən də oxşar problemlərlə üzləşmişdi. Rəsmi nəticələrə görə, həmin seçkilərdə Y.Museveni səslərin 58 faizini, B.Vayn isə 35 faizini toplamışdı. Müxalifət lideri B.Vayn o vaxt seçkinin Y.Museveninin xeyrinə saxtalaşdırıldığını bildirmiş, Y.Museveni isə rəqibi barədə istehza dolu açıqlamalar vermişdi.
Qeyd edək ki, Y.Museveni Afrika liderləri arasında vəzifə müddətinə görə üçüncü ən uzun müddət hakimiyyətdə qalan dövlət başçısıdır və idarəçiliyini beşinci onilliyə daşımağa çalışır. Yaşı xeyli irəliləyən prezidentin hakimiyyəti isə getdikcə oğlu Muhoozi Kaineruqabanın rəhbərlik etdiyi orduya daha çox bağlı hala gəlir.