Tramp Qəzzada yaradılan Fələstin texnokrat hökumətə dəstəkləyini bildirib

İsrail rejiminin Qəzzada pozuntuları davam edərkən, mühasirəyə alınmış bölgədə atəşkəsin ikinci mərhələsi başlayıb

By
ABŞ prezidenti Donald Tramp / Reuters

ABŞ prezidenti Donald Tramp Qəzzanı idarə etmək üçün təyin olunmuş Fələstin texnokrat komitəsinə dəstəyini təklif edib. Vaşinqton oktyabr ayında başlayan, lakin kövrək olan atəşkəsin ikinci mərhələsinin beləliklə başladığını açıqlayıb.

Yanvarın 15-də sosial mediada paylaşım edən Tramp bildirib: "Keçid dövründə Qəzzanı idarə etmək üçün yeni təyin olunmuş Fələstin Texnokrat Hökumətini, Komitənin Ali Nümayəndəsi tərəfindən dəstəklənən Qəzza İdarəetməsi üzrə Milli Komitəni dəstəkləyirəm".

İsrail və Fələstin müqavimət təşkilatı HƏMAS oktyabr ayında Trampın atəşkəs planını təsdiqləyiblər. Plana əsasən, beynəlxalq "Sülh Şurası"nın nəzarəti altında qalacaq Qəzza keçid dövründə Fələstin texnokratlarından ibarət bölmə tərəfindən idarə olunacaq.

Başqa paylaşımda Tramp sədrlik edəcəyini dediyi Sülh Komitəsinin yaradıldığını və üzvlərinin tezliklə elan ediləcəyini bildirib.

İsrail dəfələrlə razılaşdırılmış atəşkəsi pozub.

Oktyabr ayında atəşkəs başlayandan bəri İsrail 100-dən çox uşaq da daxil olmaqla 440-dan çox fələstinlini öldürüb.

Atəşkəs İsrailin Qəzza-Misir sərhəd-keçid məntəqəsini yenidən açmaqda gecikməsi ilə də zəifləyib.

Çətinliklər hələ qabaqdadır

Atəşkəs ikinci mərhələyə keçərsə, Vaşinqton və onun vasitəçi tərəfdaşları HƏMAS-ın tərksilah edilməsi, bölgədən daha çox İsrail qoşununun çıxarılması və beynəlxalq sülhməramlı qüvvələrin potensial yerləşdirilməsi də daxil olmaqla ciddi çətinliklərlə üzləşəcəklər.

Vasitəçi ölkələr olan Türkiyə, Misir və Qətərin açıqlamalarına görə, Fələstin texnokratik administrasiyası 15 üzvdən ibarət olacaq və ona Əli Şaat rəhbərlik edəcək. Şaat əvvəllər Fələstin İdarəsində nazir müavini vəzifəsində çalışıb və Fələstində sənaye zonasının inkişafına nəzarət edib.

Tramp deyib: "Bu Fələstin liderləri sülhün hakim olduğu gələcəyə sarsılmaz sadiqlik nümayiş etdirirlər".

Bəzi ekspertlər Trampın nəzarət şurasının rəhbəri kimi rolunu tənqid edərək, bu strukturun müstəmləkə idarəetmə modelini xatırlatdığını iddia ediblər.

Tramp həmçinin Türkiyə, Misir və Qətərin HƏMAS ilə "hərtərəfli tərksilah razılaşması"nın əldə olunmasına kömək edəcəklərini bildirib.

İsrailin 2023-cü ilin sonlarından bəri Qəzzada apardığı soyqırım müharibəsi 71mindən çox fələstinlinin ölümünə və aclıq böhranına səbəb olub. Demək olar ki, bütün əhali təzyiqlə didərgin salınıb.

Mütəxəssislər qeyd edirlər ki, qismən işğal olunmuş ərazilərdə ölənlərin sayı az bildirilir. İsrailin soyqırımından ölənlərin sayının təxminən 200 min olduğu təxmin edilir.