H.Fidan Yaxın Şərqdə baş verən hadisələr haqqında danışıb
Türkiyənin XİN rəhbəri bildirib ki, İranda rejim dəyişikliyi çağırışları regionda daha təhlükəli ssenarilərə səbəb ola bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi əməliyyatlar təkcə İranın hərbi imkanlarının zəiflədilməsi ilə məhdudlaşmalıdır. Onun sözlərinə görə, rejim dəyişikliyinə yönələn hər hansı addım region üçün ciddi risklər yarada bilər.
Martın 3-də “TRT Haber” kanalına müsahibə verən H.Fidan qeyd edib ki, müharibənin gedişatını müəyyən edən iki əsas seçim mövcuddur.
“Bunlardan birincisi İranın hərbi imkanlarının məhv edilməsidir, digəri isə rejim dəyişikliyidir. Hansı hədəfin seçiləcəyinə görə əməliyyatın müddəti də dəyişəcək, miqyası da dəyişəcək. Bunun yaradacağı sonrakı risklər də fərqli olacaq. Ümid edək ki, ABŞ rəhbərliyini birinci seçimdə saxlaya bilərik”, – deyə o bildirib.
H.Fidan eyni zamanda diplomatik imkanların hələ də mövcud ola biləcəyinə diqqət çəkib və İrandakı siyasi proseslərin müharibəni dayandırmaq üçün bir fürsət yarada biləcəyini bildirib.
“Bu şəraitdə əslində görüş baş tuta bilər”, – deyən H.Fidan Tehranda yeni rəhbərliyin müharibəni dayandırmaq üçün imkan yarada biləcəyini düşündüyünü qeyd edib.
Region üzrə genişlənmə narahatlığı
Türkiyənin XİN rəhbəri Hakan Fidan bildirib ki, İranın hazırkı münaqişədə tətbiq etdiyi strategiya müharibənin daha geniş regiona yayılması riskini daşıyır. Onun sözlərinə görə, Tehran rəhbərliyi danışıqlarda üstünlük əldə etmək məqsədilə Körfəz ölkələrinin enerji infrastrukturunu hədəf almağa çalışır.
Yaxın Şərqin çox kritik günlər yaşadığını vurğulayan nazir H.Fidan qeyd edib ki, müharibənin təsirləri təkcə İranla məhdudlaşmır.
“Əlbəttə, müharibənin təsirlərinə baxdıqda görürük ki, bu, İranla məhdudlaşmır. Çox əvvəlcədən də proqnozlaşdırdığımız kimi, bu proses bütün regiona yayılır”, – deyə o bildirib.
H.Fidanın sözlərinə görə, Tehran hakimiyyəti özünə qarşı son hücum ehtimalını gördüyü anda “Mən gedərəmsə, bölgəni də özümlə apararam” strategiyası ilə hərəkət edir və bu çərçivədə Körfəz ölkələrinin enerji infrastrukturlarına yönəlmiş hücumlar həyata keçirir.
H.Fidan qeyd edib ki, bir çox Körfəz ölkəsi müharibənin başlamaması üçün ciddi səylər göstərib. Onun sözlərinə görə, hücumdan bir saat əvvələdək Qətərin baş naziri və xarici işlər naziri müharibənin qarşısını almaq üçün diplomatik fəaliyyət aparıb.
Nazir H.Fidan bildirib ki, buna baxmayaraq İran heç bir fərq qoymadan vasitəçi rolunu oynayan Oman, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanı bombalayıb.
H.Fidan bunun son dərəcə yanlış strategiya olduğunu vurğulayıb və əlavə edib ki, həmin ölkələrdən bəziləri münaqişədə neytral mövqe tutub, öz hava məkanlarının və hərbi bazalarının istifadə edilməsinə icazə verməyiblər.
Koordinasiyalı diplomatiya çağırışı
H.Fidan bildirib ki, regional və beynəlxalq aktorlar davamlı məsləhətləşmələr aparır və tez-tez Türkiyənin mövqeyini öyrənmək istəyirlər.
Onun sözlərinə görə, Türkiyənin mövqeyi aydındır və müharibə səbəbindən regionda vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə olunmalıdır.
“Xüsusilə Amerikaya – ki, bu mərhələdə İsraili də dayandıra biləcək aktor Amerikadır – bəzi məsələlərin çox açıq şəkildə izah edilməsi lazımdır”, – deyə H.Fidan bildirib.
O əlavə edib ki, mümkün ssenarilərdən ən çox təsirlənəcək ölkələr Körfəz dövlətləri, Türkiyə və Avropa ölkələridir.
H.Fidanın sözlərinə görə, bu ölkələr intensiv məsləhətləşmələr aparır və Türkiyə bu diplomatik təmasların mərkəzində yer alır.
“Hazırda bütün bu ölkələr arasında intensiv fikir mübadiləsi prosesi gedir və biz də bu görüşlərin mərkəzindəyik”, – deyə o bildirib.
H.Fidan: “İsrailin çox böyük təzyiqi var”
Nazir H.Fidan bildirib ki, əgər danışıqlar uğursuz olarsa, bu proses müharibə ilə deyil, ABŞ tərəfindən rəsmi şəkildə dayandırılmalıdır.
“Çünki İran tərəfi müəyyən güzəştlər müqabilində bəzi tələblər irəli sürürlər. Bu tələblərin nə dərəcədə qəbul edilə biləcəyi məsələsi isə ciddi vaxt tələb edəcək. Amerika tərəfi də hərbi yığınaq səbəbindən vaxt təzyiqi altındadırlar. Digər tərəfdən İsrailin çox böyük təzyiqi var”, – deyə nazir bildirib.
H.Fidan əlavə edib ki, əgər İran rəhbərliyi ABŞ prezidenti Donald Trampın üzləşdiyi qərar təzyiqini düzgün qiymətləndirərək ona əvvəlcədən müəyyən təkliflər təqdim etsəydilər, İsrailin təzyiqi bu qədər təsirli olmaya bilərdi.
Müharibənin qarşısını almaq üçün diplomatik səylər
Xarici işlər naziri H.Fidan müharibə təhlükəsinin artdığı yanvar ayında aparılan intensiv diplomatik fəaliyyət barədə də məlumat verib.
O, yanvarın 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığını “tarixi” adlandırıb və qeyd edib ki, həmin danışıq rəsmi Vaşinqtonun hərbi əməliyyat barədə qərar vermək üzrə olduğu bir vaxtda baş tutub.
H.Fidan bildirib ki, üç gün sonra İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda qəbul olunub və Türkiyə danışıqlar üçün yeni bir format təklif edib.
Nazir həmin proses barədə deyib: “Amerika dörd məsələni eyni anda İrana qəbul etdirməyə çalışır və problemi bu şəkildə həll etmək istəyirdilər. İran isə bunu qəbul etmirdi. Biz isə belə bir təklif irəli sürdük: iki məsələni siz müzakirə edin, digər iki məsələni isə biz – region ölkələri – müzakirə edək. Beləliklə, əvvəlcədən bir danışıqlar mexanizmi formalaşdırdıq. Biz Amerika tərəfinə bunu izah etdikdə onlar razılaşdılar. Hətta dərhal gələ biləcəklərini də bildirdilər. İran tərəfi isə dedi ki, biz bunu gedib öz qərarverici strukturlarımızla müzakirə edəcəyik. Sonra İran tərəfi geri qayıtdı və əvvəlki formata qayıtdı.”
H.Fidan qeyd edib ki, bu diplomatik təşəbbüs müharibənin başlanmasını bir neçə həftə gecikdirə bilib. Danışıqlar əvvəlcə Omanda, daha sonra isə fevral ayının sonunda Cenevrədə davam edib. Lakin fevralın 28-dən etibarən münaqişə başlamışdı.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ tərəfindən həyata keçirilən hava hücumları nəticəsində İranın Ali dini lideri Əli Xamenei də daxil olmaqla, çox sayda insan həlak olub. Məlumatlara görə, ölənlər arasında bir neçə azyaşlı qız da var və ümumilikdə 786 nəfər həyatını itirib.
Rəsmi Tehran isə öz növbəsində cavab tədbirləri olaraq Körfəz ölkələrində yerləşən ABŞ-la əlaqəli obyektləri hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları həyata keçirib. Bu hücumlar nəticəsində bir neçə nəfər həyatını itirib. Eyni zamanda altı ABŞ hərbçisinin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.