Si Cinpin Hindistanı Respublika Günü münasibətilə təbrik etdi
Çinin rəsmi "Sinxua" xəbər agentliyinin məlumatına görə, Çin Prezidenti Si Cinpin Respublika Günü münasibətilə hindistanlı həmkarı Drupadi Murmunu təbrik edib
Çinin rəsmi "Sinxua" xəbər agentliyinin məlumatına görə, Çin Prezidenti Si Cinpin Respublika Günü münasibətilə hindistanlı həmkarı Drupadi Murmunu təbrik edib. Si Cinpin Çin və Hindistanın mehriban qonşu, dost və tərəfdaş olduqlarını vurğulayıb.
Çin lideri son bir il ərzində iki ölkə arasındakı münasibətlərin inkişaf tempini və yaxşılaşmasını müsbət qiymətləndirib. O, bildirib ki, Pekin-Dehli əlaqələrinin möhkəmlənməsi qlobal sülhün, sabitliyin və rifahın qorunması baxımından strateji əhəmiyyət kəsb edir.
Si Cinpin iki ölkəni birlikdə rəqs edən ‘‘əjdaha və fil" kimi xarakterizə edərək tərəflərin qarşılıqlı narahatlıqları aradan qaldıracağına və əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu qeyd edib.
Nüvə silahına malik olan bu iki Asiya ölkəsi 1950-ci illərdən bəri 3800 kilometrlik mübahisəli sərhəd xətti üzərində fikir ayrılığı yaşayır. 2020-ci ildə Himalay dağlarındakı sərhəd toqquşması nəticəsində 20 Hindistan və 4 Çin əsgərinin həlak olması münasibətləri kəskinləşdirmiş, hər iki ölkə bölgəyə hərbi qüvvələrini yerləşdirmişdi.
Lakin ötən ildən etibarən həyata keçirilən yüksək səviyyəli səfərlər gərginliyin azalmasına və dialoqun bərpasına yol açıb. ABŞ-ın xarici siyasətindəki yeni reallıqlar fonunda ticarət və investisiya dövriyyəsini artıran hər iki dövlət 2025-ci ildə birbaşa uçuşların bərpası barədə razılığa gəlib.