Donald Tramp: ''İran ABŞ-la danışıqlar aparmaq istəyir''
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərdiyi bir vaxtda İran ABŞ-la razılığa gəlməyə çalışır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərdiyi bir vaxtda İran ABŞ-la razılığa gəlməyə çalışır.
“Axios” nəşrinə müsahibə verən Donald Tramp İranla bağlı mövcud vəziyyəti “nəzarət altında” adlandırıb. O, bölgədə fəaliyyət göstərən “böyük bir armada”nın mövcudluğuna diqqət çəkərək deyib: “Onlar razılaşma əldə etmək istəyirlər”.
Qeyd edək ki, ABŞ-ın atdığı bu hərbi addımlar İranda ağır iqtisadi böhran fonunda keçirilən kütləvi etiraz aksiyaları ilə eyni vaxta təsadüf edir.
İran ötən ilin dekabrında Tehranda başlayan və qısa müddətdə bütün ölkəni əhatə edən etiraz dalğası ilə sarsılıb. Bu hadisələr İran rialının kəskin şəkildə düşməsi və iqtisadi vəziyyətin daha da pisləşməsi fonunda baş verib. Nümayişlər paytaxtdan digər şəhərlərə də yayılıb.
ABŞ Prezidenti Donald Tramp etirazçılara qarşı güc tətbiq ediləcəyi təqdirdə Tehrana “sərt zərbələr endirəcəyinə” dair dəfələrlə xəbərdarlıq edib. Daha sonra isə mövqeyini yumşaldaraq İranın planlaşdırdığı bir sıra aqressiv addımlardan vaz keçdiyini bildirib.
İran rəsmiləri isə ABŞ və İsraili “silahlı üsyançılar” adlandırdıqları qrupları dəstəkləməkdə ittiham edirlər. Rəsmi Tehran ABŞ-ın hər hansı hərbi müdaxiləsinə “sürətli və dəqiq” cavab veriləcəyi ilə bağlı xəbərdarlıqlarını davam etdirir.