Türkiyə və Finlandiya liderləri Ukrayna və Qəzza məsələlərini müzakirə ediblər
Prezident Rəcəb Tayyib Ərdoğan və Finlandiya prezidenti Aleksandr Stubb arasında telefon danışığı olub
Prezident Rəcəb Tayyib Ərdoğan və Finlandiya prezidenti Aleksandr Stubb arasında telefon danışığı olub.
İki dövlət başçısı telefon danışığında ikitərəfli münasibətləri və regional inkişafları müzakirə ediblər.
Ərdoğan Ankaranın Helsinki ilə ticarəti artırmaq məqsədini vurğulayıb və əməkdaşlığı daha da dərinləşdirmək istədiklərini bildirib.
Dövlət başçısı Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesinə dəstək vermək səylərinin davam etdiyini qeyd edərək, İstanbulda keçirilən əvvəlki danışıqların diplomatik təməl qoyduğunu xatırladıb.
Ərdoğan Qəzza ilə bağlı atəşkəs təşəbbüslərini yaxından izlədiklərini bildirib və davamlı sülhün yalnız iki dövlətli həll yolu ilə mümkün olacağını bir daha dilə gətirib, həmçinin Finlandiyanın Fələstini tanıma ehtimalının müsbət addım olacağını qeyd edib.
Ərdoğan həmkarını Finlandiyanın 6 dekabrda qeyd edilən Müstəqillik Günü münasibətilə təbrik edib.