20 Yanvar hadisələrindən 36 il ötür
Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 36 il ötür
Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 36 il ötür.
1990-cı ilin yanvar ayında Qarabağda və ətraf rayonlarda erməni silahlı dəstələrinin hücumları kəskin artmışdı. Xüsusilə yanvarın 12-də 500 nəfərlik silahlı qrupun Xanlar rayonunun Quşçu kəndinə hücumu nəticəsində onlarla dinc sakin öldürüldü.
Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını qəsdən öldürməsi hadisələri daha da alovlandırdı. Şəhərdə qarşılıqlı toqquşmalar başlasa da, Sovet təhlükəsizlik qüvvələri prosesə müdaxilə etmədi.
Yanvarın ortalarında Sovet rəhbərliyi ölkənin müxtəlif yerlərindən topladığı 50 minlik ordunu şəhər hüdudlarına yerləşdirdi. 15 yanvarda Qarabağda və ətraf ərazilərdə fövqəladə vəziyyət elan edildi. Azərbaycan xalqı bu qərara sərt reaksiya verərək hökumətin istefasını tələb etdi. Ən böyük nümayiş 17 yanvarda baş tutdu. Xalq Moskvadan erməni hücumlarının qarşısını almağı və Bakı sərhədindəki ordunun Ermənistanla sərhədə köçürülməsini tələb edirdi. Azərbaycan SSR rəhbərliyi buna cavab olaraq Moskvaya göndərdiyi teleqramlarda nümayişçilər arasında silahlı dəstələrin olduğunu iddia edir və Sovet ordusunun Bakıda hərbi əməliyyat keçirməsi üçün israr edirdi.
19 yanvarda gecə yarısı Bakıda fövqəladə vəziyyət elan edildi. Lakin rəsmi elandan 5 saat əvvəl televiziya və radio yayımlarını təmin edən qüllədə partlayış törədildi.
Həmin gecə tanklar Bakıya beş istiqamətdən daxil olaraq qarşılarına çıxan dinc insanları öldürdü. Gecə boyu davam edən qırğında Bakıda 130-dan çox insan həyatını itirdi. Sovet ordusu bu qәtliamları Neftçala və Lənkəranda da davam etdirdi. Ümumilikdə 150-yə yaxın mülki şəxs şəhid oldu, 744 nəfər yaralandı və 400-ə yaxın adam saxlanıldı.
Şəhidlərimiz bu gün "Şəhidlər Xiyabanı" adlanan, vaxtilə 1918-ci il mart qırğını qurbanlarının da dəfn olunduğu Dağüstü Parkda torpağa tapşırıldı.
Ankara Hacı Bayram Vəli Universitetinin tədqiqatçısı Ozan Böke “TRT Haber”ə verdiyi müsahibədə Qanlı Yanvar hadisələrində ən mühüm dönüş nöqtəsinin Qarabağ məsələsi olduğunu vurğulayıb.
O, bildirib ki, Ermənistanda formalaşan və Qarabağın Ermənistan SSR-ə birləşdirilməsini hədəfləyən siyasi kampaniya Azərbaycan cəmiyyəti tərəfindən suverenliyə və ərazi bütövlüyünə qarşı açıq təhdid kimi qiymətləndirilib. 1988-ci ildən etibarən Qarabağda qəbul edilən separatçı qərarlar və Ermənistan rəhbərliyinin ilhaq cəhdləri geniş miqyaslı məcburi köçkünlüyə, etnik gərginliyin artmasına və cəmiyyətdə dərin sosial travmaların yaranmasına səbəb olub.
Onun sözlərinə görə, Bakıda yüksələn xalq hərəkatı yalnız Qarabağ məsələsinə etirazla məhdudlaşmırdı; bu, eyni zamanda Sovet mərkəzi hakimiyyətinin prosesdəki rolu və siyasətinə qarşı yönəlmiş genişmiqyaslı sosial etiraz idi.
Böke bildirib ki, Sovet administrasiyasının mövcud böhranı hərbi güc yolu ilə həll etməyə çalışması faciəni qaçılmaz edib.
Onun sözlərinə görə, 1990-cı ilin yanvarında Bakıya hərbi qüvvələrin yeridilməsi xalqın iradəsinə qarşı zorakılıq idi. Bu müdaxilə nəticəsində yüzlərlə dinc insan həlak oldu, minlərlə ailə dərin mənəvi sarsıntı yaşadı və Sovet rejiminin zalım mahiyyəti açıq şəkildə üzə çıxdı.
Ozan Böke bildirib ki, ‘‘Qanlı Yanvar’’ hadisəsindən sonra Azərbaycan cəmiyyəti Qarabağ məsələsini artıq təkcə ərazi mübahisəsi kimi deyil, 20 Yanvarla başlayan milli varlıq mübarizəsinin davamı kimi dərk etdi. Məhz bu yanaşma uzun illər davam edən çətinliklərə baxmayaraq, milli iradənin sarsılmaz qalmasını təmin etdi.
Ermənistanın 1988-ci ildə başladığı işğal siyasəti 32 il davam etdi. Bu işğala Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində son qoyuldu.
2020-ci ildə Qarabağ azadlığına qovuşdu. Aradan onilliklər keçməsinə baxmayaraq, Azərbaycan heç vaxt təslim olmadı və torpaqlarını geri qaytarmaqla bütün dünyaya “Qarabağ Azərbaycandır” həqiqətini qəbul etdirdi.
Mənbə:TRT