Yaponiyanın Baş naziri Çinlə dialoqun önəmini bir daha vurğulayıb

Yanvarın 5-də keçirilən mətbuat konfransında Takaiçi hökumətin əsas prioritetlərini açıqlayıb və iki ölkə arasında yaranan narahatlıqların həlli üçün dialoqun önəmli olduğunu bildirib

By
Yaponiyanın Baş naziri Çinlə dialoqun önəmini bir daha vurğulayıb / Reuters

Yaponiyanın Baş naziri Sanae Takaiçi Çinlə dialoqun vacibliyini bir daha vurğulayıb.

Yanvarın 5-də keçirilən mətbuat konfransında Takaiçi hökumətin əsas prioritetlərini açıqlayıb və iki ölkə arasında yaranan narahatlıqların həlli üçün dialoqun önəmli olduğunu bildirib.

Bu açıqlama Yaponiyadakı Çin səfirliyinin şənbə günü yaydığı bəyanatdan sonra verilib. Səfirlik bəyanatda Yaponiyanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşdiyini qeyd edərək Çin vətəndaşlarına yaxın vaxtlarda bu ölkəyə səfər etməməyi tövsiyə edib. Yaponiya rəsmiləri hələ bu bəyanata münasibət bildirməyib.

Xatırladaq ki, ötən ilin noyabrında Takaiçi Çinin Tayvana mümkün hücumunun Yaponiyanın təhlükəsizliyi üçün ciddi risk yarada biləcəyini və bunun Yaponiyanın kollektiv özünümüdafiə hüququndan istifadə etməsinə səbəb ola biləcəyini demişdi. Bu açıqlamadan sonra Çin və Yaponiya arasında gərginlik artıb.

Takaiçinin açıqlamaları Pekində etirazla qarşılanıb. Çin vətəndaşlarına Yaponiyaya səfər etməməyi tövsiyə edib və Yaponiyadan dəniz məhsulları idxalına qadağanı bərpa etmək də daxil olmaqla bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq edib.