Çin Zelenskinin sanksiya təhdidlərinə etiraz edib

Ukrayna prezidenti yeni sanksiya paketinin Rusiya hərbi-sənaye kompleksini, o cümlədən Çindən olan şəxsləri də hədəf alacağını bildirib

By
Çin Zelenskinin sanksiya təhdidlərinə etiraz edib / Reuters

Pekin Ukrayna prezidenti Volodimir Zelenskinin Çin vətəndaşlarına qarşı sanksiya hədəsinə etiraz edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində jurnalistlərə verdiyi açıqlamada deyib: "Çin həmişə beynəlxalq hüququ pozan və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının icazəsi olmayan bütün birtərəfli sanksiyalara etiraz edir. Biz Ukrayna tərəfini səhvlərini dərhal düzəltməyə çağırırıq. Çin isə öz şirkətlərinin və vətəndaşlarının qanuni və haqlı hüquq və mənafelərini qoruyacaq”.

Pekinin açıqlaması Zelenskinin dekabrın 22-də verdiyi bəyanatdan sonra gəlib. Zelenski demişdi ki, Ukrayna bu ilin sonuna qədər Rusiya qurumlarına və Rusiya təcavüzünü dəstəkləyənlərə qarşı bir neçə əlavə sanksiya qərarı hazırlayır.

"Rusiya hərbi-sənaye kompleksi ilə işləyənlərə yönələn ən azı bir sanksiya paketi olacaq, bu paket yalnız Rusiya vətəndaşlarını deyil, xüsusilə Çindən olanları da əhatə edir", -deyə Zelenski “X” platformasında etdiyi paylaşımda bildirib.

Lakin Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin deyib ki, münaqişənin başlanmasından bəri Pekin Rusiya, Ukrayna və digər bütün müvafiq tərəflərlə sıx əlaqə saxlayır. Çin münaqişənin sona çatdırılmasına, sülh üçün danışıqların təşviqinə sadiqdir. Həmçinin sülhə töhfə verən bütün səyləri dəstəkləyir və konstruktiv rolunu davam etdirəcək.

Qeyd edək ki, Braziliya ilə birlikdə Çin Ukrayna böhranına siyasi həllin təşviqi məqsədilə "Sülh Dostları Qrupu"nu yaradıb.