Türkiyənin Eskişehir vilayətinin Beylikova rayonunda aşkarlanan 694 milyon tonluq nadir torpaq elementləri ehtiyatı ölkəni bir anda Çindən sonra dünyanın ikinci ən böyük ehtiyata malik dövləti mövqeyinə yüksəltdi. Bəs bu əslində nə deməkdir?
Hazırda əlinizdə tutduğunuz mobil telefondan tutmuş təmiz enerji üçün istifadə edilən külək turbinlərinə, elektrikli avtomobillərdən yüksək texnologiyalı müdafiə sistemlərinə qədər bir çox sahə məhz bu elementlərdən asılıdır. Bəhz etdiyimiz bu elementlər müasir dünyanın görünməyən qəhrəmanları sayılırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sahədə iddialı bir hədəf müəyyənləşdirildiyini bildirərək, Türkiyəni dünyanın ən böyük beş istehsalçısından biri olacağını qeyd edib. Maraqlıdır ki, bu kəşf ABŞ ilə Çin arasında nadir torpaq elementləri üzrə ticarət qarşıdurmasının kəskinləşdiyi bir dövrə təsadüf edir. Bu baxımdan Türkiyədə aşkar edilən nadir torpaq elementləri mövzusu üzrə zamanlama həqiqətən diqqətçəkəndir.
Lakin İstanbul Texniki Universitetinin Mədənçilik fakültəsinin dekanı Mustafa Kumralın da vurğuladığı kimi, əsas güc təkcə ehtiyatın həcmi ilə ölçülmür. Əsas məsələ həmin elementləri emal etmək qabiliyyətidir.
İndi isə texniki, lakin son dərəcə vacib bir məqama diqqət yetirək. Bu elementlər elektrik mühərriklərini daha yüngül edir, külək turbinlərini daha səmərəli işlək vəziyyətə gətirir və müdafiə sistemlərinin dəqiqliyini artırır. Bəs bu elementlər bütün bunları necə edir? Cavab isə sadədir – daimi maqnitləri gücləndirməklə. Bu maqnit metalları üzərində nəzarət isə təkcə iqtisadi deyil, həm də geosiyasi güc deməkdir.
Bu sahədə olan rəqəmlər isə olduqca təsirlidir. Belə ki, kritik minerallar bazarının həcminin 2040-cı ildə 25 milyard dollardan 770 milyard dollara qədər artacağı proqnozlaşdırılır.
Çinin inhisar mövqeyindən uzaqlaşmağa çalışdığı bir mərhələdə Türkiyə üçün bu kəşf böyük fürsət kimi qiymətləndirilir. Mədənçilik üzrə mütəxəssis Sait Uysal bunu “fövqəladə bir fürsət” adlandırır. Lakin bu imkandan yararlanmaq asan proses deyil.
Ən böyük çətinlik orta mərhələdir. Yəni xammal hasil edildikdən sonra onun yüksək saflıqda elementlərə çevrilməsi — rafinasiya prosesi. Bu sahə uzun illərdir Çinin ixtisaslaşdığı istiqamətdir. Türkiyənin bu aşamada uğur qazanması üçün strateji tərəfdaşlıqlar qurması və ya texnologiya transferi razılaşmalarına getməsi zəruridir.
Müsbət məqam ondan ibarətdir ki, Tunceli Munzur Universitetinin tədqiqatçısı Salih Cihangirin “TRT World” telekanalına verdiyi müsahibədə bildirib ki, Türkiyə əsas xammaldan elementi ayırma prosesini artıq geridə qoyub və bəzi elementlərin laboratoriya miqyasında istehsalına nail olub. Lakin yüksək əlavə dəyər yaradan istehsalçı olmaq üçün görüləcək işlər hələ çoxdur. Xüsusilə ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına ciddi əməl olunmalıdır.
Bəs belə bir vəziyyətdə Türkiyə hansı strategiyanı seçməlidir? Mustafa Kumralın fikrincə, cavab aydındır: nadir torpaq elementləri ölkələrin texnoloji müstəqilliyinin açarıdır və Türkiyə resurslarını elmi tədqiqat, istehsal və diplomatiya ilə birləşdirən vahid ekosistem formalaşdırmalıdır.
Bu yanaşma, xüsusilə təmiz enerjiyə keçidin sürətləndiyi və mineral ehtiyatlara malik ölkələrin təchizat zəncirlərini gücləndirdiyi bir dövrdə, geoloji üstünlüyü uzunmüddətli strateji üstünlüyə çevirə bilər.
Mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün isə Çində formalaşmış əməliyyat təcrübəsi diqqətlə öyrənilməlidir. Sait Uysal bildirir ki, ABŞ, Avropa və Yaponiya da bu sahədə fəal mövqe tutur.
Salih Cihangir qeyd edir ki, ABŞ keçmişdə nadir torpaq elementlərinin emalında qabaqcıl mövqedə olub, lakin 1990-cı illərdə bu sahədə geriləməyə başlayıb. Çin isə aşağı xərcli işçi qüvvəsindən istifadə edərək geniş təcrübə toplayıb.
Türkiyə hazırda mədənçilik və konsentrat istehsalında, həmçinin kimyəvi parçalama və qiymətli elementlərin kimyəvi üsulla ayrılması sahəsində də irəliləyiş nümayiş etdirir. Bununla belə, genişmiqyaslı kommersiya istehsalçısına çevrilmək üçün əlavə addımlar atılmalıdır.
Mustafa Kumral yerli sahibliklə xarici proses təcrübəsini birləşdirən seçici beynəlxalq əməkdaşlıq modelini dəstəkləyir. Türkiyənin Qərb və Asiya ilə balanslı münasibətləri onu iki region arasında təbii körpüyə çevirir.
Sait Uysalın fikrincə, Çin potensial tərəfdaş kimi real görünmür. Lakin ABŞ, Avropa və Yaponiya isə Türkiyəni Çinə alternativ sabit tərəfdaş kimi qiymətləndirir. O bildirir ki, ölkənin geniş mühəndis və texniki mütəxəssis bazası mövcuddur və bu potensialdan düzgün istifadə olunarsa, Türkiyə qlobal nadir torpaq elementləri bazarında strateji tərəfdaşa çevrilə bilər.
Nəticə etibarilə, qarşıdakı illər Türkiyənin bu sahədə hansı mövqedə qərarlaşacağını müəyyənləşdirəcək. Yekunda isə demək olarki yaxın gələcəkdə mobil telefonunuzda, elektrikli avtomobilinizdə və ya külək turbinlərində istifadə olunan kiçik, lakin güclü elementlərin üzərində “Made in Türkiye” etiketi görmək mümkün olacaq.













