R.T.Erdoğan:''Türkiyə sərhədlərindən kənardakı təhdidləri mənbəyində aradan qaldırır''
Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 19-da Çankaya Köşkündə şəhid ailələri üçün təşkil olunmuş iftar ziyafətində çıxış edib
Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 19-da Çankaya Köşkündə şəhid ailələri üçün təşkil olunmuş iftar ziyafətində çıxış edib. Dövlət başçısı Türkiyənin təhlükəsizliyini təmin etmək üçün sərhədlərindən kənarda bütün lazımi addımları atdığını, təhdidləri mənbəyində zərərsizləşdirdiyini və bunun üçün heç kimdən icazə almadığını vurğulayıb.
"Terrorsuz Türkiyə" yaratmaq yolunda böyük nailiyyətlər əldə edildiyini bildirən Ərdoğan deyib: Bu gün çatdığımız nöqtədə Türkiyə təkcə sərhədləri daxilində deyil, həm də hüdudlarından kənarda öz təhlükəsizliyi üçün lazımi addımları atır. Ölkəmiz üçün təhlükəsizlik riskləri əhəmiyyətli dərəcədə azalıb. Türkiyəni bu bəladan əbədi olaraq xilas etmək əzmindəyik’’.
Prezident bildirib ki, bu hədəfə şəhidlərin müqəddəs irsinə sadiq qalaraq və onların ruhunu incitmədən nail olunacaq.
Dövlət başçısı Türkiyə Silahlı Qüvvələri və digər təhlükəsizlik orqanlarının əməliyyatları sayəsində terror təşkilatlarının hərəkət qabiliyyətinin kəskin məhdudlaşdırıldığını bildirib. O, Türkiyənin müdafiə sənayesindəki uğurlarını vurğulayaraq deyib: ‘‘Bu gün PUA-lar, SİHA-lar, raketlər, gəmilər, helikopterlər və tanklar da daxil olmaqla, demək olar ki, hər sahədə öz ehtiyaclarımızı daxili imkanlarımız hesabına ödəyə bilirik’’.
Prezident qonşu Suriyadakı vəziyyətlə bağlı da mühüm açıqlama verib. Ötən ay Suriyanın şimalındakı məsələnin qan tökülmədən həll edilməsi üçün razılıq əldə edildiyini xatırladan Ərdoğan bölgədə tam inteqrasiyaya aparan prosesin artıq başladığını qeyd edib.