Suriyanın Homs şəhərində məsciddə partlayış baş verdi
Partlayış nəticəsində beş nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb
Suriyanın Homs şəhərində yerləşən bir məsciddə baş verən partlayış nəticəsində beş nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.
Bu barədə yerli media orqanları məlumat yayıb. Suriyanın rəsmi SANA xəbər agentliyinin yaydığı xəbərə əsasən, partlayış Vadi əl-Dəhab məhəlləsindəki İmam Əli ibn Əbi Talib məscidində qeydə alınıb. Hadisənin səbəbləri araşdırılır, hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Digər bir partlayış isə dekabrın 24-də Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində baş verib. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Kəfr Təxarim şəhərində silah və sursat saxlanılan anbarda baş verən partlayış nəticəsində beş nəfər ölüb, doqquz nəfər yaralanıb. Bildirilib ki, partlayış anbarın yaxınlığında aparılan tikinti işləri zamanı baş verib və həlak olanların hamısı fəhlədir.