Nigeriya ordusu "Boko Haram"a ağır zərbələr endirib
Nigeriya ordusu ölkənin şimal-şərqində həyata keçirilən xüsusi əməliyyat nəticəsində "Boko Haram" terror qruplaşmasının rəhbərlərindən birinin və 10 üzvünün zərərsizləşdirildiyini açıqlayıb
Nigeriya ordusu ölkənin şimal-şərqində həyata keçirilən xüsusi əməliyyat nəticəsində "Boko Haram" terror qruplaşmasının rəhbərlərindən birinin və 10 üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
Ordunun verdiyi məlumata görə, əməliyyat fevralın 1-də Borno əyalətindəki Sambisa meşəsində həyata keçirilib. Öldürülən şəxsin qruplaşmanın "ikinci komandiri" hesab olunan Əbu Xalid olduğu bildirilir. Əbu Xalidin Sambisa bölgəsində logistik fəaliyyətlərə rəhbərlik etdiyi qeyd olunub.
Rəsmi bəyanatda Nigeriya hərbçiləri arasında itki olmadığı, meşəlik ərazilərdə antiterror tədbirlərinin qətiyyətlə davam etdirildiyi vurğulanıb.
2000-ci illərin əvvəllərindən bəri fəaliyyət göstərən Boko Haram 2009-cu ildən bu yana on minlərlə insanın ölümünə səbəb olub. İnsan hüquqları üzrə mütəxəssislərin məlumatına görə, hücumlarda həyatını itirənlərin əksəriyyəti müsəlmandır.
Təşkilat 2015-ci ildən etibarən fəaliyyətini genişləndirərək qonşu Kamerun, Çad və Nigerdə də qanlı hücumlar həyata keçirib. Təkcə Çad gölü hövzəsində bu hücumlar nəticəsində ən azı 2000 nəfər həyatını itirib, yüz minlərlə insan isə doğma yurd-yuvasından didərgin düşüb.