Taliban Əfqanıstan miqyasında interneti kəsib
Ölkə Talibanın 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra ilk dəfə belə vəziyyətlə qarşı-qarşıyadır.
Əfqanıstanda yerli media internetin kəsilməsinin, ehtimal ki, fiber-optik xidmətlərin kəsilməsi və Talibanın korrupsiyanın qarşısının alınması kampaniyasının bir hissəsi ilə bağlı olduğunu bildirib.
Bu gün kəsilmədən bir neçə dəqiqə əvvəl bir hökumət rəsmisi AFP-yə fiber-optik xidmətlərin kəsiləcəyini və bunun mobil telefon xidmətlərinə də təsir edəcəyini söyləyib. "Səkkiz-doqquz min telekommunikasiya dirəyi söküləcək" deyən səlahiyyətli kəsilmənin "sonrakı xəbərdarlığa qədər" davam edəcəyini bildirib.
İnternetə çıxış müdafiəçisi "Netblocks" vurğulayıb ki, canlı məlumat Əfqanıstanda əlaqənin normal səviyyələrin 14 faizinə düşdüyünü və ölkə daxilində telekommunikasiyanın demək olar ki, kəsilməsinin qüvvədə olduğunu göstərdi. Bu insident ictimaiyyətin xarici dünya ilə ünsiyyət imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
Taliban 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra ölkə ilk dəfədir ki, belə bir vəziyyətlə üzləşir.
“Bu tədbir əxlaqsızlığın qarşısını almaq üçün görülüb”
Taliban lideri Hibatullah Axundzadə əxlaqsızlığın qarşısını almaq üçün bu ayın əvvəlində fiber-optik xidmətləri qadağan edən fərman verdikdən sonra bir neçə əyalət fiber-optik bağlantılarını itirib.
Bəlx vilayətinin sözçüsü Attaullah Zaid sentyabrın 16-da Taliban liderinin göstərişi ilə şimal əyalətində fiber-optik internetin tamamilə qadağan edildiyini açıqlayıb. "Bu tədbir əxlaqsızlığın qarşısını almaq üçün atılıb və kommunikasiya ehtiyaclarını ödəmək üçün ölkə daxilində alternativ variantlar həyata keçiriləcək" deyə Zeid sosial mediada yazıb.
Özəl "TOLO News" telekanalı mənbələrin sentyabrın 29-dan etibarən ölkə daxilində fiber-optik internetin kəsilə biləcəyini təsdiqlədiyini bildirib.
Qlobal internet trafikinin monitorinqi platforması olan "Cloudfare Radar" bildirib ki, paytaxt Kabildə internet bağlantısı ən kəskin şəkildə zəifləyib, sonrakı ən əhəmiyyətli zəifləmələr qərbdə Heratda və cənubda Qəndəharda baş verib.