ÜST:''Qəzzadan təxliyə olunmağı gözləyən 1000-dən çox xəstə həyatını itirib''
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir il yarım ərzində Qəzzadan təxliyə edilməyi gözləyərkən 1000-dən çox xəstənin həyatını itirdiyini açıqlayıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir il yarım ərzində Qəzzadan təxliyə edilməyi gözləyərkən 1000-dən çox xəstənin həyatını itirdiyini açıqlayıb.
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, müharibə başlayandan bəri BMT agentliyi və tərəfdaşları Qəzzadan ciddi sağlamlıq problemləri olan 10.600-dən çox xəstəni təxliyə edib. Bununla yanaşı, o, Qəzzada hələ də çox sayda xəstənin adekvat tibbi yardım almaq üçün təxliyə edilməyi gözlədiyi barədə xəbərdarlıq edib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına istinad edən Qebreyesus qeyd edib ki, 2024-cü ilin iyulu ilə 2025-ci ilin 28 noyabrı arasında təxliyə edilməyi gözləyərkən 1092 xəstə vəfat edib. O, daha çox ölkəni Qəzzadan olan xəstələrə qapılarını açmağa, həmçinin Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindən tibbi təxliyələrin bərpa olunmasına çağırıb.
ÜST-nin sözçüsü Tariq Casareviç Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, Qəzzadan kənarda təxminən 18.500 xəstənin təcili tibbi müalicəyə ehtiyacı var.
Bu ayın əvvəlində Sərhədsiz Həkimlər Təşkilatının rəsmisi AFP-yə müsahibəsində bildirib ki, ÜST-nin açıqladığı rəqəmlər yalnız qeydiyyata alınmış xəstələri əhatə edir və təxliyə edilməyə təcili ehtiyacı olan insanların real sayı bir neçə dəfə çoxdur.
Casareviç vurğulayıb ki, bu insanların əksəriyyətinin gözləməyə vaxtı yoxdur.