Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Rəsmi Kiyev Rusiya ilə mümkün sülh sazişi üçün prezident seçkiləri və referendum elan etməyə hazırlaşır
“Financial Times” qəzetinin fevralın 11-də Ukrayna və Avropa rəsmilərinə istinadən yaydığı məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski prezident seçkiləri və referendum planını 24 fevralda açıqlamağı nəzərdə tutur.
“Reuters” xəbər agentliyi ötən həftə ABŞ və Ukrayna danışıqlar aparan nümayəndələrinin müzakirə etdiyi çərçivəyə əsasən, hər hansı sülh sazişinin referendum vasitəsilə Ukrayna seçicilərinin səsverməsinə təqdim olunacağını, seçicilərin eyni vaxtda prezident seçkilərində də səs verəcəyini bildirib. Agentlik həmçinin rəsmilərin prezident seçkiləri və referendumun may ayında keçirilməsi ehtimalını müzakirə etdiklərini qeyd edib.
Rusiya daha əvvəl rəsmi Kiyevin seçkiləri keçirməsi halında təhlükəsizliyin təmin ediləcəyini və Ukrayna ərazisinə zərbələr endirilməyəcəyini bəyan etmişdi. Rusiya prezidenti Vladimir Putin həmçinin Rusiyada yaşayan Ukrayna vətəndaşlarının da səsvermədə iştirak etməli olduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 7-də verdiyi açıqlamada ABŞ-nin Moskva hakimiyyəti ilə Kiyev rəhbərliyi arasında təxminən dörd ildir davam edən Rusiya–Ukrayna müharibəsinin bu yayın əvvəlinədək başa çatdırılmasını təklif etdiyini deyib.
Yanvar ayının sonlarında Ağ evdə jurnalistlərə verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp V.Zelenski ilə V.Putin arasında şəxsi və siyasi düşmənçiliyin münaqişənin dayandırılması istiqamətində səyləri çətinləşdirdiyini bildirib.
D.Tramp deyib: “V.Zelenski və V.Putin bir-birinə nifrət edir və bu da işi çox çətinləşdirir. Amma düşünürəm ki, razılaşmaya nail olmağa çox yaxınıq.”
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən il ərzində bir neçə dəfə müharibənin sonu üçün tarix müəyyən etsə də, onların heç biri nəticə verməyib.
Son həftələrdə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən görüşlər hər iki tərəfin rəsmiləri tərəfindən konstruktiv və müsbət qiymətləndirilsə də, əsas məsələlər üzrə hər hansı irəliləyişin əldə olunduğunu göstərən əlamət yoxdur.