“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq

Bu barədə məlumatı şirkətin baş direktoru Haluk Bayraktar verib

By
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq / AA

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı “Baykar” tərəfindən satın alındıqdan sonra yenidən strukturlaşma prosesinə daxil olan, İtaliya mərkəzli aviasiya şirkəti “Piaggio Aerospace” yeni investisiyalar həyata keçirəcək. Bu investisiyalar hesabına şirkət təyyarə istehsalı gücünü beş-altı dəfə artıracaq, eləcə də texniki xidmət, təmir və mühərrik imkanlarını genişləndirəcək.

“Piaggio Aerospace”in İdarə Heyətinin sədri və “Baykar” şirkətinin baş direktörü Haluk Bayraktar yanvarın 12-də verdiyi mətbuat açıqlamasında 140 illik tarixə malik şirkətin İtaliya aviasiya sənayesində saysız-hesabsız təyyarələr istehsal etdiyini vurğulayaraq deyib: “Bu, (Baykar) üçün çox vacib bir təcrübə keçmişidir. Texnologiyalarımızı (Piaggio) ilə birləşdirmək, Türkiyə və İtaliyanın güclü tərəflərini bir araya gətirmək baxımından unikal üstünlük və potensial təqdim edir.”

H.Bayraktar bildirib ki, “Piaggio” şirkəti iki istehsalat müəssisəsini idarə edir: onlardan biri P180 yüngül nəqliyyat təyyarəsinin istehsalı, digəri isə mühərrik hissələrinin hazırlanması və mühərriklərin texniki xidməti üçün nəzərdə tutulub.

H.Bayraktar əlavə olaraq deyib: “Bütün imkanları və ixtisaslaşması ilə bu, çox unikal bir təyyarədir. Dünyanın ən sürətli turbovintli təyyarəsidir və özünəməxsus dizayna malikdir. “Piaggio”nun müəssisələri, imkanları, bacarıqları, uzun illik təcrübəsi və brend adı “Baykar”ın PUA sahəsindəki yeni innovasiyaları ilə birləşəndə, çox parlaq bir gələcək görürük.”

P180 modelinin xüsusi təyinatlı bir təyyarə olduğunu və son illərdə istehsal gücünün geridə qaldığını xatırladan H.Bayraktar, “Baykar”ın istehsalı canlandıraraq artırmağı qarşıya məqsəd qoyduğunu qeyd edib.

“Piaggio”nun hazırda ildə təxminən dörd-beş təyyarə istehsal etdiyini, lakin bu göstəricinin gələn il artacağını deyən H.Bayraktar vurğulayıb ki, mövcud müəssisələr, istehsal planlaması və təchizat zəncirləri buna imkan verir. O, “P180 Avanti” modelinin istehsalının ildə 25–30 təyyarəyə çatdırılacağını açıqlayıb.

H.Bayraktar sözlərinə belə davam edib: “(Baykar) olaraq yeni investisiyalara, yenilənmələrə və bu təyyarəni yenidən cəlbedici hala gətirməyə qərarlıyıq. Onun bazar payını əldə etməsi üçün qətiyyətliyik. Ümumilikdə dünyaya baxdıqda, “Piaggio” bu günə qədər 250-dən çox P180 təyyarəsi istehsal edib və onların 220-si 1986-cı ildən bəri aktiv şəkildə uçur. Buna görə də bu, çox etibarlı və möhkəm bir təyyarədir. Bütün donanma ümumilikdə 1,1 milyon saatdan artıq uçuş təcrübəsinə malikdir.”

H.Bayraktar bildirib ki, “Baykar” təyyarənin rəqabət qabiliyyətini qorumaq üçün texnoloji yenilənmələr təqdim etməyi hədəfləyir.

H.Bayraktar deyib: “Bu çərçivədə sistem yenilənmələrinə və avionikanın yəni uçuşun idarə olunması və naviqasiya sistemləri üzrə müasirləşdirilməsinə böyük investisiyalar yatırırıq. Bütün sənaye “Garmin” avionika sistemlərinə keçir. İşlərə başlamışıq və sistemlərdə “Garmin” avionika yenilənmələrini tətbiq edəcəyik.”

Baş direktor H.Bayraktar qeyd edib ki, “Piaggio” təyyarənin salonunu yenilənmiş İtaliya dizaynına xas xüsusiyyətləri ilə təzələyəcək. O əlavə edib ki, təyyarə artıq rəqəmsal kabin təzyiqinin tənzimlənməsi və yeni ekoloji nəzarət sistemləri ilə təchiz olunub.

“Bu təyyarədə yeni peyk rabitə texnologiyalarımız mövcuddur. Texniki xidmət intervallarını və yoxlama müddətlərini artırmaq üzərində çalışırıq”, – deyə o vurğulayıb.

H.Bayraktar bildirib ki, bu modernləşdirmələr nəticəsində təyyarənin “Avanti Next” modeli adı altında markalanacaq yeni bir versiyası təqdim olunacaq.