Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Teo Franken:“Əgər Rusiya Prezidenti Vladimir Putin Brüsselə raket atarsa, Moskvanı xəritədən siləcəyik”
Belçikanın müdafiə naziri Teo Franken Rusiyaya sərt xəbərdarlıq edərək bildirib ki, Brüsselə edilən hər hansı raket hücumu NATO-nun qətiyyətli cavabına səbəb olacaq. “De Morgen” qəzetinə müsahibə verən Teo Franken NATO-nun kollektiv müdafiəyə sadiqliyini vurğulayaraq deyib: “Əgər Rusiya Prezidenti Vladimir Putin Brüsselə raket atarsa, Moskvanı xəritədən siləcəyik”.
Teo Franken ABŞ-ın NATO-ya sadiqliyi ilə bağlı şübhələri tənqid edərək deyib: “Avropada Amerika hökumətinə qarşı qərəz inanılmaz dərəcədə böyükdür. Tramp açıq şəkildə bildirib ki, Amerika NATO müttəfiqlərini 100% dəstəkləməyə davam edəcək. Ruslar hərbi potensiallarını artırıblar. Onlar bütün NATO ölkələrinin birlikdə istehsal etdiyindən dörd dəfə çox sursat istehsal edir. Avropanın hətta vahid mərkəzi komandanlığı belə yoxdur.”
Belçikalı nazir Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına da toxunaraq deyib: “Çünki onlar bütün Qərbə qarşı vuruşurlar. Ukraynalılar bizim silahlarımızla, sursatımızla və pulumuzla vuruşurlar, əks halda onlar çoxdan məğlub olardılar’’.
Rusiya-Çin münasibətlərinə toxunan Teo Franken bildirib ki, Çin Ukraynadakı müharibənin uzanmasında maraqlıdır, çünki bu vəziyyət Qərbi zəiflədir. Onun sözlərinə görə, Çin Rusiya xammalını topdan alır, silah tədarük edir və Prezident Putinin Şimali Koreya qoşunlarını bölgəyə yerləşdirməsindən məmnundur.
Franken deyib: “Rusiyanın Baltikyanı ölkələrə genişmiqyaslı hücum edəcəyini düşünmürəm. Axı bu ölkələr NATO üzvüdür. Avropa tezliklə 600 ‘‘F-35’’ döyüş təyyarəsinə malik olacaq. Ruslar bu təyyarələrdən qorxurlar, çünki onları radarda görə bilmirlər’’.