Bu gün gündəlik həyatımızda bəlkə də fərqində olmadan ən çox istifadə etdiyimiz texnologiyalardan biri olan naviqasiya sistemi haqqında danışacağıq. Qeyd edtmək lazımdır ki, Türkiyə artıq bu sahədə öz milli sistemini qurur.
Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ötən ilin iyun ayında mühüm bir addım ataraq yerli xəritə və naviqasiya tətbiqi hazırlayacaq şirkətlərə dəstək veriləcəyini bəyan etdi. Müraciətlər 2025-ci il ərzində qəbul olundu və qiymətləndirmə prosesi tamamlandı. Cari ilin mart ayında isə Sənaye və Texnologiya naziri Mehmet Fateh Kacırın da iştirakı ilə tərəflər bir araya gələrək rəsmi pratakollar imzalandı.
Bəs bu layihədə kimlər yer alır? Nazirliyin koordinatorluğu ilə "Başarsoft", "BVB" şirkətləri və Türkiyənin yerli avtomobil brendi olan "Togg" bu sahədə güclərini birləşdirib. Qeyd etmək lazımdır ki, "Togg" şirkəti onsuz da fəaliyyətə başladığı ilk gündən bəri özünün hazırladığı naviqasiya sistemindən istifadə edir. Üstəlik, istifadəçilərin məlumatlarını heç bir şəxs və ya qurumla paylaşmır. İndi isə bu böyük təcrübə və mütəxəssis biliyinin yeni yaradılacaq sistemə köçürülməsi hədəflənir.
Bəs nəzərdə tutulan sistem tam hazır olduqdan sonra xəritə tədbiqi haralarda istifadə ediləcək? Cavab çox sadədir; mobil telefonlarda, nəqliyyat vasitələrində, loqistika sahəsində, ağıllı şəhər layihələrində, elektron ticarətdə, turizmdə, hətta fövqəladə halların idarə olunmasında…
Lakin bütün bunlardan başqa, layihənin dörd mühüm strateji hədəfi var. Gəlin, bu hədəflərə tək-tək nəzər salaq.
Birincisi: vətəndaşların şəxsi məlumatlarının toxunulmazlığı
Hazırda Türkiyə vətəndaşlarının demək olar ki, hamısı xarici şirkətlərə məxsus naviqasiya tətbiqlərindən istifadə edir. Bu isə o deməkdir ki, xarici bir qurum hər gün milyonlarla vətəndaşın harada olduğunu, hara getdiyini və harada nə qədər vaxt keçirdiyini anbaanh izləyə bilir. Üstəlik, bu coğrafi mövqe məlumatları təxminən yarım metr dəqiqliyinə qədər müəyyən edilir. Yerli naviqasiya tətbiqinin yaradılması ilə, bu məlumatların xarici qüvvələrin əlinə keçməsinin qarşısını almaq məqsəd qoyulub.
İkincisi: fövqəladə vəziyyət və müharibə ssenariləri
Ukrayna müharibəsi, Qəzza və İrana qarşı həyata keçirilən hücumlar iyirmi birinci əsrdə də sülhün nə qədər həssas mövzu olduğunu bir daha nümayiş etdirdi. Fövqəladə vəziyyət dövrlərində xarici naviqasiya sistemləri loqistika, müdafiə və təxirəsalınmaz yardım əməliyyatlarının fəaliyyətinə ciddi maneələr törədə bilər. Hətta "sanksiya" adı altında bu sistemlərin istifadəsi tamamilə dayandırıla da bilər. Yerli naviqasiya sistemi isə bu cür asılılığı aradan qaldıracaq.
Üçüncüsü: vətəndaşların məlumat təhlükəsizliyi
Bir çox naviqasiya tətbiqi istifadəçilərə pulsuz kimi görünsə də, bu pulsuz xidmətin gizli bir qarşılığı var. Bu da, istifadəçilərin şəxsi məlumatlarının kommersiya şirkətlərinə satılmasıdır. Reklamlar və istiqamətləndirmələr vasitəsilə, əslində, istifadəçinin özü bir ticarət obyektinə çevrilir. Yerli naviqasiya layihəsi ilə Türkiyə vətəndaşlarının bu asılılıq dairəsindən çıxarılması nəzərdə tutulur.
Dördüncüsü: idxaldan ixraca keçid
Yerli naviqasiya sistemi sayəsində, bu tətbiqlər xüsusilə peşəkar və kommersiya məqsədli istifadələrdə idxal malı olmaqdan çıxacaq. Eyni zamanda əsas hədəflərdən biri də ixrac potensialı yaratmaqdır. Yəni tətbiqin bütün dünyada istifadə edilməsi planlaşdırılır. Beləliklə, daxili resursların xaricə getməsinin qarşısı alınacaq, beləliklə də ölkəyə xarici valyuta axını təmin ediləcəkdir. Nəticə etibarilə xarici ölkələrdən olan asılılıq da xeyli azalmış olacaq.
Sənaye və Texnologiya naziri Mehmet Fateh Kacır bu layihəni "Milli Texnologiya Hərəkatı"nın mühüm bir hissəsi kimi qiymətləndirib. "Müdafiə sənayesindən tutmuş yerli avtomobilinə qədər yüksək texnologiya ixrac edən Türkiyənin bu strateji sahədə rəqiblərindən geridə qalması qətiyyən düşünülə bilməz", - deyə nazir M.F.Kacır bildirib.
Nəzərdə tutulan sistem süni intellekt dəstəkli olacaq və yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılır. Günümüzdə naviqasiya sistemləri artıq sadəcə bir yol xəritəsi göstərən vasitə olmaqla yanaşı, peyk vasitəsilə anlıq mövqenin təyini, davamlı olaraq yenilənən xəritələr, küçələri addım-addım skan edən nəqliyyat vasitələri və süni intellektlə hesablanan nəqliyyat sıxlığına çevrilib. Telefonumuzda, avtomobilimizdə, biləyimizdəki smart saatda belə, bir sözlə, hər yerdə və hər an fəaliyyətdə olacaq.
Hörmətli oxuyucular növbəti mövzularda yenidən görüşmək ümidiylə. Hələlik!






















