Hindistanda təyyarə qəzası baş verib, ölənlər var
Bu barədə Hindistanın "All India Radio" ictimai yayımçısı məlumat yayıb
Yanvarın 28-də səhər saatlarında Hindistanın qərbində yerləşən Maharaştra ştatında baş verən təyyarə qəzasında ştatın Baş nazirinin müavini Ajit Pavar və daha dörd nəfər həlak olub. Bu barədə Hindistanın "All India Radio" ictimai yayımçısı məlumat yayıb.
Məlumata görə, Ajit Pavarı daşıyan təyyarə Maharaştra ştatının Baramati şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə baş nazir müavini ilə yanaşı, iki heyət üzvü də daxil olmaqla ümumilikdə beş nəfər olub. İlkin məlumatlara əsasən, qəza nəticəsində sağ qalan olmayıb. Hindistan mediası bildirir ki, ölkənin maliyyə mərkəzi Mumbaydan gələn təyyarə Baramatidə təcili eniş etməyə cəhd göstərərkən qəzaya uğrayıb. Hadisə yerindən yayılan görüntülərdə açıq əraziyə səpələnmiş yanan qalıqlardan tüstü buludlarının yüksəldiyi əks olunub.
Hindistanın Baş naziri Narendra Modi Ajit Pavarın vaxtsız vəfatını "şokedici və kədərli" hadisə kimi qiymətləndirib. Modi rəsmi "X" platformasındakı paylaşımında bu ifadələrə yer verib:’’ Pavar Maharaştra xalqına xidmət etməkdə ön sıralarda olan, çalışqan və böyük hörmət qazanmış bir şəxsiyyət idi. Onun ailəsinə, saysız-hesabsız tərəfdarlarına və qəzada yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm’’.