Yaponiya tarixində ilk dəfə Baş nazir vəzifəsinə qadın seçilib

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiçi parlamentin hər iki palatasının dəstəyini alaraq ölkənin ilk qadın Baş naziri seçilib

Yaponiya tarixində ilk dəfə Baş nazir vəzifəsinə qadın seçilib / AFP

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiçi parlamentin hər iki palatasının dəstəyini alaraq ölkənin ilk qadın Baş naziri seçilib.

O, oktyabrın 21-də keçirilən səsvermədə 465 deputatdan 237-nin dəstəyini qazanıb. Daha sonra Yuxarı Palata tərəfindən də təsdiqlənən Takaiçi Yaponiyanın 104-cü Baş naziri kimi and içib.

“Yaponiyanın dəmir xanımı” adlandırılan Takaiçi seçkilərdəki itkilərə görə məsuliyyəti öz üzərinə götürərək keçən ay istefa vermiş keçmiş Baş nazir Şiqeru İşibanın yerinə təyin olunub.

Məlumata görə, Takaiçi azlıq hökumətinə rəhbərlik edəcək və ABŞ prezidenti Donald Trampın gələn həftə planlaşdırılan səfəri də daxil olmaqla ölkənin sıx və mürəkkəb gündəliyini idarə edəcək.

Qeyd edək ki, Takaiçi oktyabrın 4-də LDP-nin sədri seçilmişdi. Uzun illər fasiləsiz hakimiyyətdə olan partiya son vaxtlar xalq arasında dəstəyini itirməyə başlayıb.

Takaiçinin seçilməsindən cəmi altı gün sonra, onun mühafizəkar baxışları və partiyanın ianə qalmaqalları səbəbindən narahat olduğunu bildirən ‘‘Komeito’’ partiyası hakim koalisiyanı tərk etdiyini açıqlayıb.

Bu vəziyyət Takaiçini islahat yönümlü, sağçı Yaponiya İnnovasiya Partiyası (JIP) ilə ittifaq qurmağa məcbur edib.

Takaiçi oktyabrın 21-də verdiyi bəyanatda Yaponiya iqtisadiyyatını gücləndirəcəyini və gələcək nəsillər qarşısında məsuliyyət daşıya bilən bir ölkə yaratmaq üçün islahatlar aparacağını vəd edib.