Abbas Əraqçi ABŞ-ı Şri-Lanka sahillərində vəhşilik törətməkdə ittiham edib
Rəsmi "X" internet səhifəsində paylaşım edən nazir İran sahillərindən 2000 mil məsafədə, beynəlxalq sularda yerləşən və göyərtəsində 130 dənizçinin olduğu "Dena" freqatının xəbərdarlıq edilmədən vurulduğunu bildirib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı Şri-Lanka sahillərində İran hərbi gəmisinə hücum edərək vəhşilik törətməkdə günahlandırıb. Rəsmi "X" internet səhifəsində paylaşım edən nazir İran sahillərindən 2000 mil məsafədə, beynəlxalq sularda yerləşən və göyərtəsində 130 dənizçinin olduğu "Dena" freqatının xəbərdarlıq edilmədən vurulduğunu bildirib. O, Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan gəmiyə qarşı edilən bu hücumu pisləyib.
Bu açıqlama ABŞ rəsmilərinin Hind okeanında İranın "IRIS Dena" freqatının Amerika sualtı qayığı tərəfindən vurulduğunu təsdiqləməsindən sonra verilib. Vaşinqton bu addımı İrana qarşı genişlənən hərbi əməliyyatların bir hissəsi kimi qiymətləndirib. ABŞ-ın müdafiə naziri Pit Heqset hücumu "səssiz ölüm" adlandıraraq bunun Amerika ordusunun uzaq məsafələrdəki əməliyyat imkanlarını nümayiş etdirdiyini vurğulayıb.
Şri-Lanka hakimiyyətinin məlumatına görə, gəmi martın 4-də səhər saatlarında Qalle şəhərindən təxminən 40 kilometr cənubda təcili yardım siqnalı göndərib. Hadisə yerinə gələn xilasetmə qrupları 32 heyət üzvünü xilas edə bilsə də, onlarla dənizçinin itkin düşdüyü bildirilir. Rəsmilər ən azı 80 dənizçinin öldüyündən narahatdırlar.
Hadisə yerinə çatan xilasetmə dəstələri gəminin batdığını və dəniz səthində yalnız neft ləkələrinin qaldığını müşahidə ediblər.
Hazırda dəniz təyyarələri və patrul qayıqları vasitəsilə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Yaxın Şərq münaqişəsində neytral mövqe tutan Şri-Lanka rəhbərliyi təcili yardım siqnalına beynəlxalq dəniz öhdəlikləri çərçivəsində reaksiya verdiyini bəyan edib.