İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub
Son qanlı hadisələr Qəzzadan İsraildən keçmədən yeganə çıxış nöqtəsi olan Rəfah sərhəd-keçid məntəqəsini yenidən açmasından bir neçə gün sonra baş verib
Fələstin Mülki Müdafiə Agentliyi bu gün (4 fevral 2026) İsrailin Qəzzaya hava hücumları və artilleriya atəşi nəticəsində üçü uşaq da daxil olmaqla doqquz fələstinlinin öldüyünü və ən azı 31 nəfərin yaralandığını bildirib.
İsrail qüvvələri əsgərlərinə atəş açılmasına və bir zabitin yaralanmasına cavab olaraq "dəqiq zərbələr" endirdiklərini iddia edərək, hadisəni Qəzzada "atəşkəsin pozulması" kimi xarakterizə edib.
Bəyanatda İsrail qüvvələrinə Qəzzada yerləşdirildikləri "Sarı xətt" kimi tanınan ərazinin yaxınlığında hücum edildiyi bildirilir.
Ötən ay ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəsin ikinci mərhələsinə baxmayaraq, Qəzzada İsrailin pozuntuları davam edir.
Qeyd edək ki, atəşkəs 10 oktyabrda qüvvəyə minəndən bəri İsrail hücumlarında 523 fələstinli həlak olub, İsrail ordusu isə eyni dövrdə dörd əsgərinin öldüyünü bildirir.
31 yanvar isə qanlı günlərdən biri idi. Belə ki, mülki müdafiə agentliyi İsrail hücumlarında ən azı 37 nəfərin öldüyünü bildirib, ordu isə bu hücumların HƏMAS-ın atəşkəsi pozmasına "cavab" olaraq həyata keçirildiyini açıqlayıb.
Agentlik cənubdakı Xan Yunis ərazisində çadırlara və evlərə zərbə endirildikdən sonra Nasir xəstəxanasına üç cəsədin gətirildiyini bildirib.
Regionun ən böyük şəhər mərkəzi olan Qəzzada baş verən oxşar hücumlar nəticəsində daha altı cəsədin Əş-Şifa xəstəxanasına aparıldığı açıqlanıb.
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkov fevralın 3-də Qüdsdə Netanyahu ilə görüşüb. Netanyahu yenidənqurma işlərinə başlamazdan əvvəl HƏMAS-ın silahsızlaşdırılmasında və Qəzzanın tamamilə tərksilahında israr edib.