Liderlər D.Trampın Qəzza zolağı ilə bağlı planını alqışlayıblar

Türkiyə ilə bir sıra ərəb və müsəlman ölkələri ABŞ prezidenti Donald Trampın Qəzzadakı atəşkəs təklifini alqışlayıblar

Liderlər D.Trampın Qəzza zolağı ilə bağlı planını alqışlayıblar / AP

Fələstin dövləti ABŞ prezidenti Donald Trampın Qəzzadakı müharibəni sona çatdırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Fələstin dövlətinin yaydığı bəyanatda bildirilib ki, ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəni sona çatdırmaq istiqamətində göstərdiyi səmimi və yorulmaz səyləri alqışlayırıq.

Bəyanatda Fələstinin əhatəli razılaşmanın əldə olunması üçün ABŞ, regional dövlətlər və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğu vurğulanıb.

“İstənilən razılaşma Qəzzaya humanitar yardımın çatdırılmasını, məhbusların və əsirlərin azad edilməsini, mülki şəxslərin müdafiəsi mexanizmlərinin yaradılmasını və atəşkəs rejiminin qorunmasına zəmanət verməli, həmçinin ərazilərin ilhaqının, məcburi köçürülmənin və beynəlxalq hüququ pozan birtərəfli addımların qarşısını almalıdır’’,-deyə bəyanatda vurğulanıb.

Bəyanatında İsrailin bölgədən tamamilə çıxarılması və Qəzza, işğal altındakı İordan çayının qərb sahili ilə Şərqi Qüdsdəki Fələstin qurumlarının birləşməsi də tələb olunur.

“Biz beynəlxalq qanunlara uyğun olaraq, müstəqil və suveren Fələstin dövlətinin İsraillə sülh və mehriban qonşuluq şəraitində yan-yana yaşadığı iki dövlətli həllə əsaslanan ədalətli sülh hədəfini bir daha təsdiqləyirik’’,- bəyanatda vurğulanıb.

Fələstin rəsmiləri həmçinin müharibənin bitməsindən sonra bir il ərzində prezident və parlament seçkilərinin keçirilməsi də daxil olmaqla, islahatların həyata keçiriləcəyinə söz veriblər.

Bəyanatda həmçinin bildirilib ki, Fələstin müasir, demokratik və tərksilah edilmiş, plüralizmə və hakimiyyətin dinc yolla ötürülməsinə sadiq olan dövlətin qurulmasına əzmlə çalışır.

“Biz region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə ABŞ və bütün digər tərəflərlə müsbət və konstruktiv əməkdaşlığa hazırıq’’,-deyə bəyanatda vurğulanıb.

Türkiyə ilə bir sıra ərəb və müsəlman ölkələri ABŞ prezidenti Donald Trampın Qəzzadakı atəşkəs təklifini alqışlayıblar.

Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunması təklifini alqışlayaraq razılaşmanın yekunlaşdırılması və onun icrasının təmin olunması üçün Vaşinqtonla əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Bu ölkələrin xarici işlər nazirləri yaydıqları birgə bəyanatda ABŞ və digər müvafiq tərəflərlə əməkdaşlığa açıq olduqlarını vurğulayıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Donald Trampın Qəzzada atəşkəsin təmin olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Trampın mühasirə altındakı bölgədə qan tökülməsinin qarşısını almaq və atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri və liderliyi alqışladığını bildirib. Ərdoğan həmçinin Türkiyənin tərəflərin qəbul edəcəyi ədalətli və davamlı sülhün bərqərar olması prosesinə dəstək verməyə davam edəcəyini qeyd edib.

Bu açıqlama ABŞ prezidenti Donald Trampın Vaşinqtonda Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransından sonra verilib.

Qeyd edək ki, Donald Tramp Qəzzada atəşkəsin təmin olunmasını nəzərdə tutan planın əsas məqamlarını ictimaiyyətə təqdim edib. Təklifdə “Həmas”ın tərksilah edilməsi və israilli əsirlərin azad olunması da yer alır.

Dünya liderləri ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəni dayandırmaq təklifini alqışlayaraq, bütün tərəfləri planı qəbul etməyə və sülhə doğru irəliləməyə çağırıblar.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, bu təklif həyata keçirilərsə ağrı-acılara son qoyula bilər. Starmer deyib:
“Biz bütün tərəfləri bir araya gəlməyə və bu razılaşmanı yekunlaşdırmaq, reallığa çevirmək üçün ABŞ administrasiyası ilə işləməyə çağırırıq. ‘Həmas’ silahlarını yerə qoymalı və qalan əsirləri azad etməlidir’’.

Fransa prezidenti Emmanuel Makron da Trampın Qəzzada müharibəni sona çatdırmaq və bütün əsirlərin azad olunması ilə bağlı öhdəliyini alqışlayaraq dəstəyini bildirib. E.Makron deyib: “İsrailin bu əsasda qətiyyətlə hərəkət etməsini gözləyirəm. ‘Həmas’ın başqa çarəsi yoxdur, bütün əsirləri dərhal azad etməli və bu plana əməl etməlidir’’.

İtaliya bu təşəbbüsün dönüş nöqtəsi ola biləcəyini vurğulayıb. İtaliya Baş nazirinin ofisindən verilən bəyanatda deyilir:
“ABŞ prezidenti Donald Trampın təqdim etdiyi təklif hərbi əməliyyatların daimi dayandırılmasını, bütün əsirlərin dərhal azad olunmasını və mülki əhalinin tam və təhlükəsiz humanitar yardıma çıxışını təmin edə bilər’’.

Almaniyanın xarici işlər naziri Yohann Vadephul Trampın Qəzza ilə bağlı planını ‘‘tarixi fürsət” kimi qiymətləndirib və Berlinin planın həyata keçirilməsi üçün konkret dəstək verməyə hazır olduğunu bildirib.

Avropa Şurasının sədri Antonio Kosta ABŞ-ın təşəbbüsünü yüksək qiymətləndirərək deyib:
“Prezident Trampın Qəzzada müharibəni bitirmək planını alqışlayıram və Netanyahunun müsbət cavabından məmnunam. Bütün tərəfləri Yaxın Şərqdə sülhə real şans verməyə çağırıram’’.
Antonio Kosta iki dövlətli həll yolunun ədalətli və davamlı sülhə aparan yeganə praktik variant olduğunu vurğulayıb.

Norveç hökuməti də dəstəyini ifadə edərək deyib:
“Prezident Trampın Qəzza ilə bağlı planını alqışlayırıq. Müharibənin sona çatması üçün bölgədəki və digər tərəfdaşlarımızla sıx əlaqə saxlayırıq.”

Pakistanın baş naziri Şahbaz Şərif isə rəsmi “X” səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:“Fələstinlilər və israillilər arasında davamlı sülh regionda siyasi sabitlik və iqtisadi inkişaf üçün vacibdir’’.

Bu bəyanatlar Trampın Netanyahu ilə birlikdə Vaşinqtonda keçirdiyi mətbuat konfransında təklif etdiyi atəşkəs planının əsas detallarını açıqlamasından sonra verilib. Plana Qəzzada saxlanılan israilli əsirlərin azad edilməsi, ‘‘Həmas’’ın tərksilah edilməsi və humanitar yardımın təmin olunması kimi tədbirlər daxildir.