Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” tərəfindən istehsal olunan pilotsuz uçuş aparatı qabaqcıl süni intellekt sistemləri ilə təchiz edilib
Türkiyənin pilotsuz uçuş aparatı (PUA) istehsalçısı “Baykar” 2.000 kilometrdən çox uçuş məsafəsinə malik yeni kamikadze pilotsuz uçuş aparatı “K2” modelini təqdim edib.
Şirkət martın 14-də rusiyalı bəstəkar Dmitri Şostakoviç tərəfindən bəstələnmiş “Waltz No. 2” əsərinin müşayiəti ilə hazırlanmış təqdimat videosu vasitəsilə yeni kamikadze pilotsuz uçuş aparatı “K2”ni ictimaiyyətə təqdim edib.
Qeyd olunur ki, qabaqcıl süni intellekt əsaslı uçuş və hədəfləmə sistemləri ilə təchiz edilən “K2” süni intellekt dəstəkli vizual tanıma texnologiyası sayəsində naviqasiya, hədəfin müəyyənləşdirilməsi və zərbə proseslərində avtonom əməliyyatlar həyata keçirə bilir.
Bildirilib ki, pilotsuz uçuş aparatının uçuş məsafəsi 2.000 kilometrdən artıqdır, 200 kiloqramlıq döyüş başlığı daşıya bilir və maksimal qalxma çəkisi 800 kiloqram təşkil edir. Bir neçə müxtəlif tapşırıq üçün hazırlanmış sistemin qısa və ya hazırlıqsız uçuş zolaqlarından havaya qalxa bildiyi də qeyd olunub.
Qeyd edək ki, dünyanın bir çox ölkəsinə pilotsuz uçuş aparatları ixrac edən “Baykar” şirkətinin mövcud məhsulları arasında taktiki sinif “Bayraktar TB2”, yüksək hündürlükdə fəaliyyət göstərə bilən “Bayraktar Akıncı”, gəmilərdən qalxa bilən “Bayraktar TB3” və reaktiv mühərrikli “Bayraktar Kızılelma” modelləri də yer alır.