Volodimir Zelenski ABŞ-ın 28 maddəlik planına münasibət bildirdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın müharibəyə son qoymaq planına qarşı çıxıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın müharibəyə son qoymaq planına qarşı çıxıb.
ABŞ Prezidenti Donald Tramp Ukraynaya sənədi imzalamaq üçün bir həftədən az vaxt verib. Volodimir Zelenski cümə günü hər hansı bir razılaşmanın Ukraynanın maraqlarına “xəyanət etməməsi” üçün çalışacağını vəd edib.
V.Zelenski mövcud vəziyyəti “Ukrayna tarixinin ən çətin anlarından biri” adlandırıb. O, bildirib ki, Ukrayna çox çətin bir seçimlə üzləşə bilər: ya şərəfini itirmək, ya da əsas tərəfdaşını itirmək riski ilə qarşı-qarşıya qalacaq. Zelenski Vaşinqtonla münasibətlərin pozula biləcəyi barədə də xəbərdarlıq edib.
Ukrayna lideri ABŞ-ın 28 maddəlik planına alternativlər də təklif edəcəyini bildirib.
Kiyev və Avropadakı müttəfiqləri bu təklifdən təəccübləniblər. Plan Ukraynanı ərazisini verməyə, hərbi potensialını məhdudlaşdırmağa və NATO-ya heç vaxt qoşulmayacağına söz verməyə məcbur edir.
Rusiya isə bu layihə çərçivəsində ərazi qazanacaq, qlobal iqtisadiyyata yenidən inteqrasiya olunacaq və G8-ə qayıdacaq.
Zelenski Kiyevin 2022-ci ilin fevral ayında Rusiyanın hücumuna cavabını xatırladaraq deyib: “Biz o zaman Ukraynaya xəyanət etməmişdik və indi də etməyəcəyik.”
Xatırladaq ki, Donald Tramp noyabrın 21-də Ukraynanı planı qəbul etməyə çağırıb.
Zelenski ABŞ vitse-prezidenti J.D. Vansla görüşdən sonra bildirib ki, Ukrayna Trampın müharibəni sona çatdırmaq planına “hörmət etməyə” davam edir.
O, həmçinin Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə telefon danışığı aparıb.
Ukrayna Prezident Aparatı qeyd edib ki, Zelenski tezliklə Donald Trampla birbaşa danışmağı planlaşdırır.
ABŞ prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik plan təqdim edib. Layihədə mövcud cəbhə xəttinin dondurulması, Ukraynanın hərbi potensialının məhdudlaşdırılması və ölkənin gələcəkdə NATO-ya üzvlüyünün qarşısının alınması nəzərdə tutulur.
Kiyevdəki rəsmilərlə paylaşılmış sənəddə həmçinin Rusiyanın işğal etdiyi ərazilər üzərində nəzarətinin tanınması təklifi yer alır. Sənəddə həmçinin ABŞ tərəfindən dəstəklənən, qismən dondurulmuş Rusiya aktivləri və təhlükəsizlik zəmanətləri hesabına maliyyələşdirilməsi planlaşdırılan Ukraynanın yenidənqurma paketi də nəzərdə tutulub.
Ukraynanın əsas müttəfiqləri olan Britaniya, Fransa və Almaniya liderləri Zelenski ilə danışıqlardan sonra birgə bəyanat yayaraq Ukraynaya sarsılmaz dəstəklərini ifadə ediblər.