R.T.Ərdoğan sentyabrın 25-də Donald Trampla görüşəcək
Ərdoğanın sözlərinə görə, görüş zamanı iki ölkə arasında ticarət, investisiya və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də ABŞ-a səfər edəcəyini və Ağ Evdə prezident Donald Trampla görüşəcəyini bildirib.
Ərdoğanın sözlərinə görə, görüş zamanı iki ölkə arasında ticarət, investisiya və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Prezident Ərdoğan bu görüşün regionda mövcud müharibə və münaqişələrin sona çatmasına töhfə verəcəyinə ümid etdiyini qeyd edib.
Ankarada jurnalistlərə açıqlama verən Türkiyə prezidenti deyib:
“Əminəm ki, Prezident Trampla görüşümüz regionumuzdakı müharibə və münaqişələrin dayandırılmasına, həmçinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə kömək edəcək. Biz bütün məsələlərdə ABŞ ilə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik”.
ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb.
O, bu barədə rəsmi "Truth Social" səhifəsində paylaşım edib.
Donald Tramp bildirib ki, Türkiyə ilə “Boeing” təyyarələrinin satışı, F-16-larla bağlı razılaşma və F-35 proqramına dair danışıqların davam etdirilməsi də daxil olmaqla, bir sıra ticarət və hərbi məsələlər müzakirə olunacaq.
“Prezident Ərdoğanla hər zaman çox yaxşı münasibətimiz olub. Onu görməyi səbirsizliklə gözləyirəm”, – deyə ABŞ prezidenti vurğulayıb.
Ərdoğan sonuncu dəfə ABŞ-a 2019-cu ildə səfər edib.
Qeyd edək ki, Ağ Ev hələlik səfərlə bağlı ətraflı məlumat yaymayıb.