İranda etiraz aksiyaları davam edərkən, Tehran yaxınlığında polis əməkdaşı öldürülüb

İranda pisləşən iqtisadi vəziyyətə etiraz olaraq başlayan aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılarkən, paytaxt Tehran yaxınlığında...

By
İranda etiraz aksiyaları davam edir / Reuters

İranda pisləşən iqtisadi vəziyyətə etiraz olaraq başlayan aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılarkən, paytaxt Tehran yaxınlığında baş verən toqquşmalarda polis əməkdaşı həyatını itirib.

Yerli medianın məlumatına görə, paytaxtın qərbində yerləşən Malard şəhərində baş verən iğtişaşlar zamanı podpolkovnik Şahin Dehqan bıçaqlanaraq öldürülüb.

Təhlükəsizlik qurumları hadisə ilə bağlı araşdırmaların davam etdiyini, məsul şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlərin görüldüyünü bildirib.

Etiraz dalğası ötən ayın sonlarında başlayıb. Aksiyalar 28 dekabrda Tehranın ticarət həyatının mərkəzi hesab olunan Böyük Bazar ərazisində alovlanıb və İran rialının kəskin dəyər itirməsi, eləcə də ağırlaşan sosial-iqtisadi vəziyyət fonunda genişlənib. Daha sonra etirazlar ölkənin bir çox digər şəhərlərinə yayılıb.

İran rəsmiləri ölənlərlə bağlı rəsmi statistikanı açıqlamayıb.

Digər tərəfdən, “Tasnim” xəbər agentliyinin yaydığı məlumata görə, etirazlar zamanı yaralanan polis əməkdaşlarının sayı 568-ə, yarımhərbi “Bəsic” qüvvələrindən yaralananların sayı isə 66 nəfərə çatıb.

Qeyd edək ki, İran son həftələrdə dərinləşən iqtisadi böhran və milli valyutanın sürətli dəyər itkisi səbəbindən genişmiqyaslı etirazlarla üzləşir. İran rialının məzənnəsi son olaraq ABŞ dolları qarşısında 1 milyon 350 min həddini keçib.