Banqladeş Qəzzada beynəlxalq sülhməramlı kontingentə qoşulmaq istəyir
Bunun üçün Dakka rəhbərliyi rəsmi Vaşinqtona müraciət edib
Banqladeş dövləti Qəzzaya yerləşdirilməsi planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə qoşulmaq istədiyini Amerika Birləşmiş Ştatlarına bildirdiyini açıqlayıb.
Banqladeş hökuməti yanvarın 10-da verdiyi bəyanatda bildirib ki, ölkənin Milli Təhlükəsizlik üzrə müşaviri Xəlilur Rəhman Vaşinqtonda ABŞ-li diplomatlar Allison Huker və Paul Kapur ilə görüşüb.
Banqladeş hökumətinin açıqlamasına görə, X.Rəhman Qəzzada yerləşdirilməsi planlaşdırılan beynəlxalq sülhməramlı kontingentin tərkibində yer almağa prinsipial maraq göstərdiklərini ifadə edib.
Bəyanatda rəsmi Dakkanın təklif etdiyi töhfənin həcmi və ya xarakteri ilə bağlı detallara yer verilməyib. ABŞ Dövlət Departamenti isə məsələ ilə bağlı hələlik şərh verməyib.
Qeyd edək ki, noyabr ayının ortalarında qəbul edilən BMT Təhlükəsizlik Şurasının qərarı oktyabr ayında atəşkəsin qüvvəyə mindiyi Qəzzada müvəqqəti Beynəlxalq Sabitləşdirmə Qüvvəsinin yaradılması üçün “Sülh Şurası” adlandırılan struktura və onunla əməkdaşlıq edəcək ölkələrə səlahiyyət tanıyıb.
Lakin atəşkəs ilk mərhələdən irəli gedə bilməyib və sonrakı addımlarla bağlı nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.
Bunun aksinə atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri İsrail 400-dən çox fələstinlini öldürüb. Qəzzada iki milyondan artıq əhalinin demək olar ki, hamısı dar bir ərazidə müvəqqəti sığınacaqlarda və ya zərər görmüş binalarda yaşamını davam etdirir.
Xatırladaq ki, İsrailin 2023-cü ilin sonlarından etibarən Qəzzada həyata törətdiyi soyqırım on minlərlə insanın həyatını itirməsinə səbəb olub, ağır aclıq böhranı yaradıb və Qəzza əhalisinin tamamını ölkə daxilində didərgin salıb.