B.Netanyahu: “İsrail Suriyada işğal etdiyi ərazilərdən geri çəkilməyəcək”

Suriya hökuməti bildirir ki, İsrail işğal olunmuş Suriya torpaqlarından çıxmadan heç bir razılaşma mümkün olmayacaq

By
Arxiv: Keçən ilin dekabrında Bəəs rejiminin süqutundan sonra İsrailin Suriyaya hərbi hücumları gücləndi. / Reuters

İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 7-də ordusunun Suriyanın cənubunda nəzarətdə saxladığı ərazilərdən geri çəkilməyəcəyini bəyan edib.

B.Netanyahu bu fikirləri İsrail səfirlərinin, missiya rəhbərlərinin və Xarici İşlər Nazirliyi rəsmilərinin iştirak etdiyi konfransda səsləndirib. O, 2024-cü il dekabrın 8-də Suriyada “Bəəs” rejiminin süquta uğramasından sonra İsrailin işğal etdiyi bölgələrdən çıxmayacağını bir daha vurğulayıb.

Baş nazir 1967-ci ildən etibarən İsrailin nəzarətində olan Qolan təpələri ilə bitişik tampon zona və Cəbel-əş-Şeyx (Hermon dağı) barədə danışaraq bildirib: “Bu əraziləri qorumaq istəyirik”.

B.Netanyahu həmçinin qeyd edib ki, Suriyanın cənubunun silahsızlaşdırılması barədə Dəməşq hökuməti ilə razılaşma əldə olunacağına ümid edir.

Lakin Suriya xarici işlər naziri Əsəd əl-Şabani isə məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, İsrail Suriya torpaqlarından çıxmadığı müddətcə İsraillə hər hansı saziş mümkün olmayacaq.

Xatırladaq ki, Suriyada 27 noyabrda toqquşmaların şiddətlənməsi və 2024-cü il dekabrın 8-də 61 illik “Bəəs” rejiminin süquta uğramasının ardından, İsrail Suriyaya hərbi hücumlarını daha da gücləndirdi.

İsrail ordusu Suriya rejim qüvvələrinin tərk etdiyi hərbi infrastrukturu məhv edərək Suriyaya məxsus Qolan təpələrindəki işğalı daha da genişləndirdi.

Beləliklə də, İsrail qüvvələri Qolan təpələrinə yaxın tampon zonaya daxil olaraq və işğal xəttini əvvəlkindən daha irəli çəkərək Dəməşq şəhərinə qədər 25 kilometr məsafəyə yaxınlaşmış oldu.

Qeyd edək ki, İsrail Suriyaya məxsus Qolan təpələrini 1967-ci ildən işğal altında saxlayır. İsrail ilə Suriya arasında 1974-cü ildə imzalanan ikitərəfli saziş həmin tampon və silahsızlandırılmış zonaların sərhədlərini müəyyən etmişdi.