Günümüzdə artıq yeniyetmələr adi kitab oxumaqda belə çətinlik çəkirlər. Bunun səbəbi isə bundan ibarətdir ki, dərs oxumağa çalışan əksər uşaqlar hər iki dəqiqədən bir əlləri telefona uzanır. Günün sonunda isə işlər natamam qalır, vaxtın isə hara və necə itdiyi naməlumdur.
Çünki rəqəmsal dövrdə artıq diqqət və fokuslanmaq təkcə fərdi bacarıq deyil, sistemli şəkildə istifadə edilən bir resursdur.
Diqqət (fokuslanmaq) – bu gün texnologiya nəhənglərinin yeni valyutasına çevrilib. Sosial media, video platformaları və oyun tətbiqləri xüsusilə uşaqların məhdud fokuslanmaq müddətini hədəf alır.
Bu sistemdə diqqət nə qədər uzun müddət qorunub saxlanılarsa, bir o qədər dəyər qazanır. Əsas problem isə ondadır ki, bütün bunlar çox vaxt uşaqlar və valideynlər fərqində olmadan baş verir.
Uşaqların diqqəti niyə hədəf altındadır?
Uşaqlar artıq təkcə ekran qarşısında vaxt keçirmir; eyni anda bir neçə işlə də məşğul olurlar. Həm video izləyir, həm mesaj yazır, həm də sosial mediadakı paylaşımlara göz gəzdirirlər.
Aparılan tədqiqatlar göstərir ki, bu çoxşaxəli məşğuliyyət beynin diqqətə cavabdeh olan mərkəzlərini yorur. Bu yorğunluq qısa müddətdə öyrənmə çətinliyinə, uzun müddətdə isə daimi diqqət pozuntularına səbəb olur.
Burada diqqət edilməsi gərəkən isə odurki, uşaqların bu məhdud olan diqqət müddəti rəqəmsal platformalar üçün qızıl dəyərindədir. Çünki uşağın bir məzmun üzərində nə qədər qaldığı, hansı vizuala kliklədiyi, hansı səsi seçdiyi – qısacası onun hər bir hərəkəti izlənilir.
Davamında isə əldə olunan bu məlumatlar uşaqların maraq dairəsini müəyyənləşdirmək üçün istifadə olunur. Nəticədə uşaqlar alqoritmlərin yönləndirdiyi məzmun dairəsində qalır və diqqətləri bu çərçivədən kənara çıxa bilmir.
Bu zaman diqqətini verdiyi hər məzmun daimi olaraq yenilənir və uşağın qarşısına daha çox video, şəkil və sairə kimi paylaşımlar çıxarır. Beləliklə də, bu uşağın diqqəti artıq onun öz ixtiyarında olmur. O, artıq idarə edilən, ölçülən və alınıb-satıla bilən bir mənbəyə çevrilir.
Əvvəllər rəqəmsal asılılıq deyiləndə uşaqların ekran qarşısında keçirdiyi vaxta baxılırdı. Bu gün isə diqqət tamamilə başqa bir ölçü vahidi üzərində cəmlənib: fokuslanmaq müddəti.
Uşaq videoya nə qədər baxır, bir məzmun üzərində neçə saniyə qalır, hansı tətbiqə nə vaxt keçir? Artıq ölçülən şey ekran arxasında keçirilən vaxt deyil, fokuslanma müddətidir.
Amerika Pediatriya Akademiyasının 2025-ci il media hesabatına görə, 8–16 yaş arası uşaqların 74 faizi gündə azı 4 saat ekran qarşısında vaxt keçirir. Lakin daha vacib sual bu vaxtın necə istifadə olunduğudur. Eyni hesabat göstərir ki, bu uşaqların 61 faizi bir video paylaşım izləməklə yanaşı paralel olaraq başqa tətbiqlərə keçir, yəni başqa işlərlə də məşğul olurlar. Bu isə onlarda fokuslanma probleminə səbəb olur.
UNESCO-nun 2024-cü il Rəqəmsal Savadlılıq Hesabatı isə başqa bir problemə diqqət çəkir: Uşaqların cəmi 18 faizi rəqəmsal məzmunun manipulyativ tərəflərini ayırd etməyə yönəlmiş maarifləndirici təlim alıb.
Məsələ burasındadır ki, bu uşaqların ekran arxasında keçirdikləri vaxt artsa da, rəqəmsal təhlükələrdən qorunmaq bacarıqları eyni sürətlə inkişaf etmir. Bu isə uşaqları manipulyasiyaya qarşı daha qorumasız hala salır.
Bəs uşaqlar niyə bu qədər asan təsir altına düşür? Çünki bu yaşdaki uşaqların beyni hələ inkişaf mərhələsindədir. Xüsusilə 10–17 yaş aralığında beynin ön hissəsi — prefrontal korteks — qərarvermə, planlaşdırma və diqqətin idarəsi ilə əlaqəlidir.
Bu bölgə böyüklərlə müqayisədə daha həssasdır. Məhz buna görə alqoritmlərin onların ekranda qarşılarına çıxardığı videolara qarşı müqavimətləri daha zəif olur.
Bundan əlavə, dopamin sistemi sürətli stimullarla asanlıqla aktivləşir.
Bir müddət sonra isə “bəyənmə” almaq, “bildiriş” görmək, “sonsuz video paylaşımlar” izləmək kimi davranışlar asılılıq yaradır.
Bu mexanizm işə düşdükdən sonra artıq uşaqlar darıxdırıcı hesab etdikləri hər fəaliyyətdən daha tez sıxılmağa başlayaraq dərhal ondan uzaqlaşırlar.
Fokuslanmaq artıq fərdi bir bacarıq olmaqdan çıxır
Bir vaxtlar diqqət insanın öz nəzarətində olan şəxsi zehni bacarıq idi. Rəqəmsal dövrdə isə bu sahə artıq fərdi olmaqdan çıxıb.
Nəyə baxdığımız, nəyə kliklədiyimiz, hansı məzmuna nə qədər fokuslandığımız sistemli şəkildə qeydə alınır. Bu məlumatlar təhlil edilərək nəhəng marketinq iqtisadiyyatına çevrilir.
Harvard Universitetinin 2024-cü il media iqtisadiyyatı hesabatına görə, rəqəmsal reklam sektorunun qazancı 2025-ci ildə 875 milyard dolları keçdiyi bildirilir.
Bu nəhəng iqtisadi artımın əsasında diqqətini uzun müddət ekranda saxlayan istifadəçilər dayanır. Bu istifadəçilərin əhəmiyyətli hissəsi isə hələ 18 yaşını tamamlamamış uşaqlar və yeniyetmələrdir.
Ekran vaxtı reklam qiymətini, reklam qiyməti isə diqqət məlumatını formalaşdırır. Qısacası, uşaqların diqqəti artıq təkcə idrak bacarığı deyil, iqtisadi dəyərə çevrilmiş bir resursdur.
Bəs belə bir vəziyyətdə nə etmək olar? Mütəxəssislər bildirirlər ki, həll yolu təkcə ekran vaxtını məhdudlaşdırmaq deyil. Ən vacib addım uşaqlara diqqətin necə istifadə edildiyini öyrətməkdir. Yəni rəqəmsal platformalarda fokuslanmaq ilə bağlı savadlılığı formalaşdırmaq.
Bu alqoritmlərin necə işlədiyini, məzmunun necə manipulyasiya etdiyini və zehni yorğunluğun necə tanına biləcəyini izah edən maarifləndirici yanaşmadır.
Bununla yanaşı, ailələrə “rəqəmsal sükut” adlandırıla biləcək məkanları yaratmaq tövsiyə olunur. Məsələn, yemək zamanı telefon istifadəsini qadağan etmək və ya həftədə bir gün “ekransız gün” müəyyənləşdirmək kimi kiçik addımlar uşaqlarda daxili fokuslanmanı yenidən bərpa edə bilər.
Uşaqlarımızın diqqətinin milyardlarla dollarlıq bir iqtisadiyyatın hədəfinə çevrilməsinə imkan verməmək üçün tədbir görməyə bugündən başlamaq zəruridir. Bu məsələdə kiçik də olsa, daimi şəkildə addım atmaq lazımdır.








