Amerikalılar ''simit''ə böyük maraq göstərirlər

Əminə Ərdoğanın himayəsi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində ‘‘Times’’ meydanında və ‘‘Türk Evi’’nin qarşısında amerikalılara paylanan ‘‘simit’’ və çay böyük maraqla qarşılanıb

Amerikalılar türk simitinə böyük maraq göstərirlər. / Reuters

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində ‘‘Times’’ meydanında və ‘‘Türk Evi’’nin qarşısında amerikalılara paylanan ‘‘simit’’ və çay böyük maraqla qarşılanıb. Həmin gün Nyu York küçələrində başlayan təqdimat 50 ştatda 608 filialı olan bir marketdə satışa çıxarılıb.

Türk kulinariya mədəniyyətinin ən məşhur məhsullarından biri olan ‘‘simit’’ market zəncirin dondurulmuş yemək bölməsində eyni adla satılır.

Marketin məhsulla bağlı hazırladığı reklam mətnində belə deyilir: ‘‘Evinizdə türk ləzzətlərini dadmaq istəyirsinizsə, sizi ‘‘simit’’ və küncüd çörəyi ilə tanış edəcəyik”.

Məhsulun necə bişiriləcəyi və istehlak ediləcəyi ilə bağlı təfərrüatların da yer aldığı reklamda həmçinin deyilir:“Simitlərimiz Ankara tərzində istehsal olunur və xırçıldayan teksturaya malikdir’’.

Türk ‘‘simiti’’nin Amerika bazarına daxil olması türk kulinariyası üçün əhəmiyyətli inkişaf hesab olunur.

Əvvəllər türk sahibkarları tərəfindən kiçik miqyasda ABŞ ərzaq bazarına çıxarılan bu məhsulla bağlı məlumatlılığın daha da artırılması gözlənilir.

Amerikalılar ‘‘Times’’ meydanında keçirilən tədbirə böyük maraq göstərib. ‘‘Simit’’in dadına baxan amerikalılar çox bəyəndiklərini bildiriblər.

Əminə Ərdoğan ‘‘Türk Evi’’nin yaxınlığında qurulan ‘‘simit’’ stendini ziyarət edərək ‘‘simit’’in ABŞ-da istehlak edilən “bagel”lə rəqabət apardığını bildirib.