Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlər edilib

Üzərində altı güllə izi olan Qurani-Kərimin bir nüsxəsi pilləkən tutacaqlarına zəncirlənib

By
Müsəlmanlara qarşı nifrət / AA

İsveçdə Stokholm məscidi irqçi hücumun hədəfinə çevrilib. Məscid rəhbərliyi müqəddəs kitabın təhqir olunmuş bir nüsxəsinin məscid ərazisində aşkar edildiyini açıqlayıb.

Məscid rəhbərliyi tərəfindən dekabrın 21-də yayımlanan məlumatda bildirilib ki, üzərində altı güllə izi olan Qurani-Kərim nüsxəsi pilləkən tutacaqlarına zəncirlənmiş vəziyyətdə tapılıb.

Stokholm məscidinin rəhbəri Mahmud əl-Xələfi İsveçdə islamofob və irqçi hücumların hər ötən gün artdığını vurğulayıb. Onun sözlərinə görə, polis hadisə ilə bağlı araşdırmaya başlayıb və hücum müsəlman icması arasında ciddi narazılıq doğurub.

Hücumu qınayan Mahmud əl-Xələfi deyib: “Məscidə aparan pilləkənlərin tutacaqlarına zəncirlənmiş Qurani-Kərim tapıldı və onun üzərində altı güllə dəliyi var idi. Bundan əlavə, Qurani-Kərimin üzərinə ərəb və isveç dillərində “Ziyarətiniz üçün təşəkkür edirik, amma artıq evə qayıtmağın vaxtıdır” məzmunlu mesajlar yazılmışdı. Biz bu mesajı birbaşa müsəlmanları hədəf alan açıq-aşkar irqçi bəyanat kimi qəbul edirik.”

M.Xələfi bu əməlin son dərəcə təhqiredici olduğunu və müsəlmanlara qarşı nifrətin genişlənən bir hissəsini təşkil etdiyini qeyd edərək, rəsmi qurumları nifrət cinayətlərinə qarşı qətiyyətli tədbirlər görməyə və dini icmaların təhlükəsizliyini təmin etməyə çağırıb.

 

İsveç və Skandinaviya ölkələrində artan islamofobiya dalğası

Stokholm məscidinə qarşı bu hücum İsveçdə son illər Qurani-Kərimə qarşı törədilən və geniş rezonans doğuran bir sıra hücumlardan sonra artan gərginlik fonunda baş verib.

Bu hadisələr arasında ən çox diqqət çəkəni iraqlı Salvan Momikanın 2023-cü ildə Stokholmda parlament binası, Stokholm məscidi və İraq səfirliyinin qarşısı da daxil olmaqla bir sıra məkanlarda Qurani-Kərimi yandırması və təhqir etməsi olub. Polis mühafizəsi altında həyata keçirilən bu əməllər müsəlman dünyasında geniş miqyaslı etirazlara səbəb olub, bir çox ölkədə aksiyalar və iğtişaşlar törədib, İsveçin diplomatik münasibətlərinə ciddi zərbə vurub.

Momikanın bu əməlləri İsveç hakimiyyəti tərəfindən “etnik qruplara qarşı təhrik” maddəsi üzrə araşdırılsa da, 2024-cü ilin əvvəlində onun silahlı hücum nəticəsində öldürülməsi Stokholm məhkəməsinin iş üzrə qərarı təxirə salmasına səbəb olub.

Momikanın ölümünə baxmayaraq, müsəlman icmaları və insan hüquqları təşkilatları İsveçdə və digər Skandinaviya ölkələrində islamofob halların artmaqda davam etdiyi barədə xəbərdarlıq edirlər.

İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla bir sıra beynəlxalq qurumlar Qurani-Kərimə qarşı hücumları pisləyərək, dövlətləri nifrət cinayətlərinə qarşı daha sərt və təsirli tədbirlər görməyə çağırıblar.