Avstriyada məktəbdə baş verən silahlı insident nəticəsində ölənlər olub

Avstriyanın Qrats şəhərindəki məktəbdə şagirdlərdən biri sinif yoldaşlarına hücum edərək, azı 10 nəfəri qətlə yetirib

Qrats şəhəri / AFP

Avstriyanın Qrats şəhərində məktəblərdən birinə edilən hücum nəticəsində, şübhəli şəxs də daxil olmaqla, ən azı on nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Reuters yerli APA xəbər agentliyinə istinadən məlumat verib.

Qrats şəhərində məktəbdə baş verən atışmada iştirak edən cinayətkarın ölənlər arasında olduğu Avstriya polisi tərəfindən “X” platformasında edilən paylaşımda təsdiqlənib.

Avstriya dövlət mediası ORF bildirib ki, hadisə nəticəsində şagirdlər və müəllimlər də daxil olmaqla bir neçə nəfər ciddi şəkildə yaralanıb.

Avstriya kansleri Kristian Stoker verdiyi bəyanatda Qrats şəhərindəki məktəbdə baş verən atışmanı "milli faciə" adlandırıb və övladlarını itirən ailələrə başsağlığı verib.

Avstriyanın federal kansleri Kristian Ştoker baş vermiş hadisəni ağlasığmaz hadisə və milli faciə kimi dəyərləndirib. Dövlət başçısı Aleksander Van der Bellen sosial mediadakı hesabında Qratsdakı dəhşəti sözlə ifadə etməyin mümkün olmadığını yazıb.

Avstriya Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciətində hadisə baş vermiş ərazidə çəkilmiş foto və videoları sosial mediada yaymağa deyil, təhqiqat məqsədilə nazirliyin saytındakı xüsusi bölməyə yükləməyə çağırıb.

Qrats şəhərində polis çərşənbə axşamı bir məktəbdə vəziyyətlə bağlı zəng aldıqdan sonra böyük qüvvə ilə əraziyə cəlb olunub və atəş səslərinin eşidildiyini bildirib.

Polis sözçüsü Sabri Yorqun bildirib ki, xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, səhər saat 10-da zəngdən sonra orta məktəbə göndərilib və hakimiyyət orqanları baş verənlər barədə ümumi mənzərəni əldə etməyə çalışır.

Avstriyanın cənub-şərqində yerləşən və təxminən 300,000 əhalisi olan Qrats ölkənin ikinci ən böyük şəhəridir.