Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident Aparatının məlumatına görə, görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib. Prezident Aparatının məlumatına görə, görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Prezident Aparatının mətbuat xidmətinin bildirdiyinə görə, Lord Vernom Koaker Azərbaycan–Böyük Britaniya münasibətlərinin dostluq və etimada əsaslandığını vurğulayıb və strateji tərəfdaşlıq sahəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
İlham Əliyev Azərbaycanla Böyük Britaniya arasında uzunmüddətli tərəfdaşlığın mövcud olduğunu, əməkdaşlığın əvvəlcə enerji sektorunda başladığını, daha sonra isə bir çox digər sahələri əhatə etdiyini söyləyib. O, həmçinin ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Prezident müdafiə sənayesi sahəsində əməkdaşlığa da toxunaraq Bakı ilə London arasında “yeni bir səhifə”nin açılmasının qarşılıqlı etimadın göstəricisi olduğunu bildirib.
Görüş zamanı Lord Vernom Koaker avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən irəliləyiş münasibətilə İlham Əliyevi təbrik edib.
İlham Əliyev baş verənləri “tarixi” hadisə kimi qiymətləndirib və ABŞ Prezidenti Donald Trampın bu prosesdə göstərdiyi dəstəyin xüsusi rolunu qeyd edib. O, həmçinin Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olduğunu və bu istiqamətdə səylərini davam etdirəcəyini bir daha vurğulayıb.