Kuba XİN: “Kuba ABŞ-ın təhdidlərinə boyun əyməyəcək”

ABŞ prezidenti D.Tramp Kuba dövləti administrasiyasının çökməyə hazır olduğunu bildirərək hədələyib

By
Kuba XİN: “Kuba ABŞ-ın təhdidlərinə boyun əyməyəcək” / Reuters

Kuba xarici işlər naziri Bruno Rodrigez yanvarın 9-da verdiyi açıqlamada bildirib ki, Kuba onilliklərdir davam edən ABŞ təzyiqlərinə baxmayaraq öz suverenliyini qorumaqda davam edəcək. Həmçinin nazir B.Rodrigez Vaşinqton rəhbərliyini altmış ildən artıq müddətdir zorakılıq və aqressiya siyasəti yürütməkdə ittiham edib.

B.Rodrigez “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada deyib: “Vaşinqton rəhbərliyi 67 ildir Kubaya qarşı zorakılıq və aqressiyaya əl atır. ABŞ suveren dövlətlərin hüquqları üzərində öz iradəsini zorla qəbul etdirməyə çalışır.”

Kuba xarici işlər naziri qeyd edib ki, ABŞ-nin özünü hegemon güc kimi təqdim etməsinin əsasını nəhəng hərbi potensialı və iqtisadi gücü, eləcə də aqressiya və cinayət sahəsində geniş təcrübəsi təşkil edir.

B.Rodrígez kubalıların öz suverenliklərindən imtina etməyəcəklərini vurğulayaraq deyib: “Buna qarşılıq bizim tərəfimizdə ağıl, beynəlxalq hüquq və bütün xalqın vətənpərvər ruhu dayanır. Biz kubalılar ölkəmizi satmağa və ya təhdidə boyun əyməyə razı deyilik. Kubanı müdafiə edəcəyik. Bizi tanıyanlar bunun qətiyyətli, birmənalı və sübuta yetirilmiş bir öhdəlik olduğunu bilirlər.”

Qeyd edək ki, Kuba xarici işlər naziri Bruno Rodrigez yanvarın 5-də Latın Amerikası və Karib Dövlətləri Birliyi çərçivəsində region ölkələrinə müraciət edib. O, Kubanın, eləcə də bölgənin müstəqilliyini və suverenliyini ABŞ-nin Venesuelada yaxın vaxtlarda həyata keçirdiyi hərbi müdaxilənin yaratdığı təhdidlərə qarşı kollektiv şəkildə müdafiə etməyə çağırıb.