Qəzzada aclıqdan ölənlərin sayı 453-ə çatıb

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib

Qəzzada aclıqdan ölənlərin sayı 453-ə çatıb / AA

Fələstin Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzzada yürütdüyü aclıq siyasəti nəticəsində qida çatışmazlığından ölənlərin sayının 453-ə çatdığını açıqlayıb.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, İsrailin uzun müddət davam edən mühasirəsi səbəbindən ölən fələstinlilər arasında 150 uşaq da var.

Nazirliyin məlumatına görə, BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) bu ilin avqust ayında Qəzzada aclıq elan edib və həmin vaxtdan 35-i uşaq olmaqla 175 nəfər aclıq səbəbindən dünyasını dəyişib.

Avqustun 22-də IPC aclığın Qəzzanın mərkəzi və cənubuna yayıla biləcəyi barədə xəbərdarlıq etmişdi.

Martın 2-dən etibarən İsrail Qəzza ilə bütün sərhəd-keçid məntəqələrini bağlayaraq humanitar yardımın bölgəyə çatdırılmasına mane olub.

İsrail vaxtaşırı çox məhdud miqdarda yardımın daxil olmasına icazə versə də, bu yardım əsas ehtiyacları qarşılamaqdan çox uzaqdır. Yük maşınlarının çoxu Qəzza hökumətinin İsraili qorumaqda ittiham etdiyi dəstələr tərəfindən talan edilib.

2023-cü ilin oktyabrından etibarən İsrail ordusu Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 66 mindən çox fələstinlini öldürüb. Davamlı bombardmanlar ərazini demək olar ki, yaşayış üçün yararsız hala gətirib.